“Gürcüstan və Azərbaycan arasında müstəsna dostluq münasibətləri mövcuddur“
Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki, Azərbaycan və Gürcüstan arasında əlaqə qarşılıqlı qonşuluq üzərində qurulub:
“Azərbaycan və Gürcüstan dövlətlərinin müasir dövlətçilik tarixində, xüsusilə də 1991-ci ildə müstəqilliklərini bərpa etdikdən sonra münasibətlər əsasən mehriban qonşuluq və qarşılıqlı əməkdaşlıq prinsipləri üzərində qurulub. Zaman-zaman müəyyən məsələlər, o cümlədən sərhəd və ərazi ilə bağlı mübahisələr ortaya çıxsa da, ümumilikdə münasibətlər dostluq və tərəfdaşlıq ruhunda davam edib.
Hazırkı geosiyasi şərait bu əməkdaşlığın daha da dərinləşməsi və faydalı tərəfdaşlığa çevrilməsi üçün yeni imkanlar yaradır. Bu, təkcə iqtisadi deyil, həm də regional təhlükəsizlik baxımından vacibdir. Dünyada yeni texnologiyaların, enerji siyasətlərinin və iqtisadi modellərin inkişafına baxmayaraq, təhlükəsizlik sahəsində risklər, terror təhdidləri və böyük güclərin kiçik ölkələrin daxili işlərinə müdaxiləsi daha da aktuallaşır. Bu fonda Azərbaycan və Gürcüstan bir-birinin təhlükəsizliyinə hörmətlə yanaşmalı, qarşılıqlı əməkdaşlıq və açıq siyasi dialoq imkanlarını daim qoruyub saxlamalıdırlar.İki ölkə arasında strateji tərəfdaşlığın ən bariz göründüyü sahələr enerji və nəqliyyat-tranzit sektorlarıdır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və perspektivdə olan digər layihələr bu əməkdaşlığın əsas dayaqlarıdır. Bu layihələr təkcə hər iki ölkənin iqtisadiyyatına müsbət təsir göstərmir, həm də regional əhəmiyyət daşıyır.
Gələcəkdə Azərbaycan - Gürcüstan əməkdaşlığının dərinləşməsi üçün əsas imkanlar siyasi etimad, iqtisadi inteqrasiya və təhlükəsizlik sahəsində birgə təşəbbüslərin artırılmasından keçir. Böyük güclərin regionda təsirini balanslaşdırmaq və regional sabitliyi qorumaq üçün Azərbaycan və Gürcüstan birgə, dostcasına və səmimi əməkdaşlığa davam etməlidirlər. Bu da gələcəkdə hər iki xalqın rifahına, dövlətlərin beynəlxalq mövqeyinin güclənməsinə və ümumi Cənubi Qafqaz sabitliyinin möhkəmlənməsinə töhfə verəcək”.
Arzu Poladova
