00:00:00
Yazar
Admin User
19.12.2025 17:26 194 2 dəq oxuma
Siyasət

Gürcüstanda diasporun seçici hüququnun məhdudlaşdırılması

Gürcüstanda diasporun seçici hüququnun məhdudlaşdırılması

Gürcüstanda xaricdə yaşayan vətəndaşların – diasporun seçici hüququnun məhdudlaşdırılması ilə bağlı müzakirələr ölkə gündəmini zəbt edib. Hakimiyyət dairələrinin irəli sürdüyü dəyişiklik təşəbbüsləri cəmiyyətdə və siyasi çevrələrdə ciddi polemika yaradıb.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, son illərdə Gürcüstanda formalaşmış əsas təsəvvür kənar siyasi dairələrin ölkənin daxili işlərinə müdaxilə etmək istəyi ilə bağlıdır:

 

“Gürcüstanda bir sıra qanun layihələri Avropada sərt tənqidlə qarşılanıb və buna etirazlar baş verib. Eyni zamanda, Gürcüstanda fəaliyyət göstərən və xaricdən maliyyələşən qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılması istiqamətində addımlar atılıb. Hər bir ölkə müstəqilliyini və milli maraqlarına uyğun siyasət həyata keçirmək imkanını qoruyub saxlamalıdır. Milli dövlətlərin sərbəst mövcudluğu üçün daxili işlərə kənar müdaxilə olmamalıdır. Xaricdə yaşayan vətəndaşların seçki hüququnun məhdudlaşdırılması effektiv yol deyil. Dünyanın bütün ölkələrinin vətəndaşları müxtəlif yerlərdə yaşayır və onlar elektron proseslərdə iştirak edirlər”.

 

Onun fikrincə, xaricdə yaşayan gürcülərin seçki hüquqlarının məhdudlaşdırılması Gürcüstana qarşı beynəlxalq təzyiqləri daha da artıra bilər:

 

“Xaricdə yaşayan gürcülərin seçki hüququnun məhdudlaşdırılması Gürcüstana olan hücumları daha da genişləndirəcək. Hazırda Avropa İttifaqı ilə Gürcüstan arasında gərginlik mövcuddur və Avropa İttifaqı tərəfindən Gürcüstana münasibətdə iradlar irəli sürülür. Xaricdə yaşayan vətəndaşlar öz seçki hüquqlarından istifadə etməlidir. Bu, Gürcüstanın imicinə təsir edəcək”.

 

Bununla yanaşı, Elşad Mirbəşiroğlu bildirib ki, məsələ Gürcüstanın daxili siyasi mühitinə ciddi təsir göstərməyə bilər:

 

“Gürcüstanın daxili siyasi mühitinə bunun ciddi təsir edəcəyini düşünmürəm. Ölkədə həm parlament, həm də yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib. Ümumilikdə hakim partiya səs çoxluğu ilə qalib gəlib və nəticələrə qarşı ciddi etirazlar səslənməyib. Gürcüstan hökuməti məsələyə daha optimal yanaşmalıdır. Əgər məqsəd ölkənin daxili siyasi həyatını kənar təsirlərdən qorumaqdırsa, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq, öz vətəndaşları arasında konstruktiv siyasi mühit formalaşdırılmalıdır. Bu da kənar müdaxilələrin qarşısının alınmasında ən effektiv yol ola bilər”.

 

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər