00:00:00
Yazar
Admin User
07.11.2025 18:17 116 2 dəq oxuma
Siyasət

Gürcüstandan Aİ-yə etiraz

Gürcüstandan Aİ-yə etiraz

Avropa İttifaqı üzvlük üçün dörd ölkənin adını açıqlayıb, Gürcüstan etiraz edib.

 

Mövzu ilə bağlı politoloq Ramiyə Məmmədova “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyi birinci növbədə “rezidentlərlə bağlı qanun” ləğvini istəyir:

 

“Gürcüstan-Avropa Birliyi münasibətlərində bir növ soyuqluq yaranıb. Bu, Gürcüstanın yeni hakimiyyətə gələn partiyasının Rusiya ilə çox yaxın münasibətlərindən irəli gəlir. Yəni bugünkü gündə bilirsiniz ki, Amerika və Avropa Birliyi Yaxın Qafqazda Rusiya vasitəsilə Gürcüstan üzərindən bu bölgəyə girməyə çalışıb. Bundan öncəki hakimiyyət -yəni Mixeil Saakaşvilinin hakimiyyəti tamamilə Avropa Birliyinə və Amerikaya yönəlmiş bir hakimiyyət olduğuna görə illərdir, Saakaşvilinin vaxtından Avropa Birliyinə inteqrasiya haqqında danışılıb. Yeni partiyanın rəhbərləri baş naziri və prezidenti daha çox Rusiya ilə münasibətlərində regionda olan böyük dövlətlərə, yəni Rusiyaya, Türkiyəyə, İrana üstünlük verirlər. Bu dövlətlərlə, xüsusən də Türkiyə və Rusiya ilə daha sıx münasibətlər qurmağa çalışdıqları açıq-aydın görünür. Artıq anlayıblar ki, Avropa Birliyi uzaqda olduğuna görə, Amerika okeanın o tərəfində yerləşdiyinə görə, nə qədər desələr də, Gürcüstana əlçatmaz qalır. Təbii ki, burada Gürcüstanın qəbul etdiyi son “rezidentlərlə bağlı qanun” xüsusi rol oynayır. Avropa Birliyi birinci növbədə bu qanunun ləğvini istəyir, yəni tamamilə aradan qaldırılmasını tələb edir. Buna görə də Avropa Birliyi və digər Qərb dövlətləri Gürcüstana bu qanundan imtina etməyi tövsiyə edirlər. Gürcüstan isə bu gün Avropa Birliyi ilə və regionda gedən proseslərdə balans yaratmağa çalışır”.

 

Politoloq eyni zamanda qeyd edib ki, Gürcüstanın getdikcə artan, Rusiya ilə olan münasibətləri Avropa Birliyi və Amerika ilə əlaqələrdə müəyyən gərginlik yaradır:

 

“Digər tərəfdən, onu da qeyd etmək lazımdır ki, Azərbaycanla Gürcüstanın inteqrasiyası bu gün regionda logistika və yolların açılması baxımından mühüm əhəmiyyət daşıyır. Lakin Gürcüstanın “3+3” formatında iştirak etməməsi bu ölkəni müəyyən mənada geri salıb və hələ də geri salmağa davam edir. Buna cavab olaraq Avropa Birliyi və Amerika “3+2” layihəsini təqdim ediblər. Bu layihəyə əsasən, üç Qafqaz dövləti Azərbaycan, Ermənistan və Gürcüstan Avropa və Amerika ilə birlikdə logistik yollar və daşınmalar üzrə layihələrdə iştirak etməlidir. Bununla da təbii ki, Azərbaycan, Ermənistan və Gürcüstan bu təşəbbüsə normal yanaşıblar və əməkdaşlıq çərçivəsində işləyirlər. Lakin bugünkü gündə Gürcüstanın getdikcə artan, belə deyək, Rusiya ilə olan münasibətləri Avropa Birliyi və Amerika ilə əlaqələrdə müəyyən gərginlik yaradır”.

 

Zəri Bayramlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər