Gələcəkdə hansı peşələrə daha çox tələbat olacaq?
Gələcəyin əmək bazarında texnologiya və yeniliklər böyük rol oynayır. Bəzi peşələr sıradan çıxır, yeni ixtisaslara isə tələbat artır.
Mövzu ilə əlaqədar olaraq, təhsil eksperti Kamran Əsədov "İnformator.az"a açıqlamasında bildirib ki, iqtisadi tendensiyalar əmək bazarını köklü şəkildə dəyişməkdədir:
"Dünyada sürətli texnoloji inkişaf, demoqrafik dəyişikliklər və qlobal iqtisadi tendensiyalar əmək bazarını köklü şəkildə dəyişməkdədir. Əgər bir əsr əvvəl kənd təsərrüfatı və sənaye işçilərinə əsaslanan bazar mövcud idisə, bu gün süni intellekt, avtomatlaşdırma və rəqəmsal texnologiyalar yeni peşə tələbatı yaradır. Artıq beynəlxalq hesabatlarda göstərilir ki, 2030-cu ilə qədər hazırkı peşələrin təxminən 14–20 faizi avtomatlaşdırılacaq, eyni zamanda milyonlarla yeni iş yeri yaranacaq. Bu dəyişikliklər Azərbaycana da təsirsiz ötüşməyəcək. Amma problem ondadır ki, Elm və Təhsil Nazirliyi hələ də gələcəyin peşələri ilə bağlı sistemli proqnozlar hazırlamır, marifləndirmə işi aparmır, nəticədə gənclər hansı istiqamətlərə üstünlük verəcəyini bilmirlər.
Süni intellekt və avtomatlaşdırmanın mövcud peşələrə təsiri artıq hiss olunur. Banklarda kassir sayının azalması, supermarketlərdə avtomatik kassaların tətbiqi, taksi və yük daşımalarında pilotsuz nəqliyyat vasitələrinin sınaqdan keçirilməsi göstərir ki, ən çox risk altında olan sahələr təkrarlanan və standart əməyə əsaslanan peşələrdir. Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, yalnız robot texnologiyaları və süni intellektin tətbiqi ilə 2035-ci ilə qədər dünyada 85 milyon iş yeri yox olacaq, amma eyni zamanda 97 milyon yeni ixtisas yaranacaq. Bu, o deməkdir ki, dəyişiklik işsizliyin artması yox, ixtisasların transformasiyası ilə nəticələnəcək".
Ekspert onu da qeyd edib ki səhiyyə sahəsində də artım müşahidə olunacaq:
"Texnologiyanın inkişafı ən çox informasiya texnologiyaları, süni intellekt mühəndisliyi, kibertəhlükəsizlik, biotexnologiya və bərpa olunan enerji sahələrində yeni imkanlar yaradacaq. Dünya İqtisadi Forumunun “Future of Jobs” hesabatında göstərilir ki, 2025-ci ilə qədər yalnız “yaşıl iqtisadiyyat”la bağlı sahələrdə 24 milyon yeni iş yeri açılacaq. Eyni zamanda səhiyyə sahəsində də artım müşahidə olunacaq. BMT-nin statistikasına görə, 2050-ci ildə dünya əhalisinin 22 faizi 65 yaşdan yuxarı olacaq və bu, tibb bacıları, reabilitasiya mütəxəssisləri, psixoloqlar və gerontoloqlar üçün böyük tələbat yaradacaq. Azərbaycanda isə hələ də bu istiqamətlərdə təhsil proqramları çox məhduddur, halbuki “Təhsil haqqında” Qanunun 4-cü maddəsində açıq şəkildə göstərilir ki, təhsil əmək bazarının tələblərinə uyğun qurulmalıdır. Bu norma kağız üzərində qalsa da, real həyatda nəzərə alınmır.
Aktuallığını itirəcək peşələr sırasında katiblik, kassirlik, telefon operatorluğu, sürücülük və istehsalatda sadə əməyə əsaslanan sahələr ön plana çıxır. Məsələn, ABŞ-də artıq minlərlə hüquq firmasının ilkin müqavilə analizini süni intellekt vasitəsilə etdirdiyi, mühasibat sahəsində isə proqramların insan əməyini əvəzlədiyi məlumdur. Azərbaycanda hələ bu tendensiya zəif görünsə də, yaxın 10–15 ildə eyni vəziyyət yaşanacaq. Bu isə o deməkdir ki, gənclər indidən seçimlərini düzgün etməlidirlər. Amma Elm və Təhsil Nazirliyi gənclərə istiqamət vermir, “gələcəyin peşələri” ilə bağlı nə geniş araşdırma aparır, nə də ictimaiyyətə real məlumat təqdim edir. Nazirliyin planları yoxdur, proqnozları yoxdur və bu səbəbdən minlərlə gənc yanlış ixtisaslara yönəlir, nəticədə diplomlu işsizlik artır.
Əmək bazarının gələcəyində əsas fərq diplom və bacarıq arasında olacaq. Artıq böyük texnologiya şirkətləri – Google, Tesla, Apple – işə qəbulda diplom şərtini minimuma endirib, bacarıqlara üstünlük verir. Çünki müasir dövrdə əsas dəyər insanın çevik öyrənmə qabiliyyəti, problem həll etmə bacarığı və yaradıcılığıdır. Əlbəttə, hüquq, tibb və mühəndislik kimi sahələrdə diplom hələ də zəruri qalacaq. Amma əmək bazarının böyük bir hissəsində diplomun formal kağız parçasına çevrilmə riski var. Azərbaycanda isə hələ də diplom kultu davam edir, valideynlər övladlarının hər hansı bir ixtisası oxumasını önəmli sayır, amma bacarıqlar arxa plana keçir. Bu, gələcəkdə işsizlik və ixtisas uyğunsuzluğunu daha da artıracaq".
Sonda Kamran Əsədov əmək bazarı məsələsinə də toxunub:
"Dünya təcrübəsi göstərir ki, yalnız strateji yanaşma ilə əmək bazarının dəyişikliklərinə uyğunlaşmaq mümkündür. Finlandiyada peşə təhsili əmək bazarının tələblərinə tam uyğunlaşdırılıb, Sinqapurda hər üç ildən bir “SkillsFuture” proqramı çərçivəsində gənclərin bacarıqları yenilənir, Almaniyada ikili təhsil sistemi vasitəsilə şagirdlər həm oxuyur, həm də işlə təcrübə qazanırlar. Azərbaycanda isə bu istiqamətdə heç bir ardıcıl siyasət yoxdur. “Peşə təhsili haqqında” Qanunda əmək bazarı ilə uyğunluq prioritet elan olunsa da, bu yalnız formal sənədlərdə qalır. Nazirliyin nə proqnozu, nə də dəqiq planı mövcuddur.
Əgər bu gün ciddi dəyişikliklər edilməsə, yaxın illərdə minlərlə gənc sırf diplom naminə oxuduqları ixtisaslarda iş tapa bilməyəcək, əmək bazarında isə peşəkar kadrlara kəskin çatışmazlıq yaranacaq. Dəyişməli olan əsas məsələ diplom yönümlü təhsil deyil, bacarıq yönümlü sistemin qurulmasıdır. Təhsil Nazirliyi marifləndirmə işini gücləndirməli, gənclərə gələcəyin peşələri ilə bağlı açıq məlumat verməli, təhsil proqramlarını əmək bazarının tələblərinə uyğunlaşdırmalıdır. Əks halda, süni intellekt və texnologiyanın yaratdığı yeni imkanlardan Azərbaycan yenə də kənarda qalacaq, gənclər isə yanlış istiqamətlərdə öz gələcəklərini itirəcəklər".
Arzu Poladova
