00:00:00
Yazar
Admin User
26.09.2025 17:43 110 2 dəq oxuma
Siyasət

“ Əgər veto sistemi qalarsa BMT iflasa uğraya bilər”

“ Əgər veto sistemi qalarsa BMT iflasa uğraya bilər”

Macarıstanın Xarici İşlər Naziri Peter Siyarto bildirib ki, qlobal gərginliyi azaltmaq və sülhü qorumaq üçün dövlətlər arasında əməkdaşlıq və dialoq həyati əhəmiyyət daşıyır. Onun sözlərinə görə, beynəlxalq münasibətlərdəki qarşıdurma meylləri təhlükəli nəticələr doğura bilər və bunun qarşısını almaq üçün qlobal səviyyədə yeni yanaşmalara ehtiyac var.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Macarıstanın bu istiqamətdə narahatlığı başa düşüləndir:

 

“Macarıstan hazırda Rusiya-Ukrayna müharibəsinin sərhədində yerləşən və potensial təhdidlərə məruz qala biləcək ölkələrdən biridir. Ona görə də Peter Siyartonun III Dünya müharibəsinin qarşısının alınmasına dair xəbərdarlığı təsadüfi deyil. Ümumiyyətlə, Macarıstan rəhbərliyi, o cümlədən baş nazir Viktor Orban uzun müddətdir ki, Avropa və dünya ictimaiyyətinə bu istiqamətdə xəbərdarlıqlar edir. Bugünkü hadisələr göstərir ki, bu xəbərdarlıqlar əsassız olmayıb. Rusiya-Ukrayna müharibəsi hər nə qədər iki ölkə arasında getsə də, həm NATO dövlətlərinin Ukraynaya, həm də Çin və İran kimi ölkələrin Rusiyaya dolayı dəstəyi münaqişəni beynəlxalq müstəviyə çıxarıb. Vəziyyətin daha da gərginləşməsi regiondakı digər ölkələr üçün də risklər yaradır. Rusiyanın Polşa, Latviya və Finlandiya ilə sərhədlərində hərbi fəallığını artırması NATO ölkələrində ciddi narahatlıq doğurur. Buna görə də Macarıstan açıq şəkildə bildirir ki, böyük güclər arasında gərginliyin artması qlobal müharibə təhlükəsini yüksəldir. Qlobal gərginliyin azaldılması üçün isə ilk növbədə BMT çərçivəsində islahatlara ehtiyac var. Ən böyük beynəlxalq təşkilat olan BMT-də veto hüququnun qalması mexanizmin işləməsinə mane olur. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın ‘Dünya beşdən böyüktür’ fikri bu kontekstdə aktuallığını qoruyur. Əgər veto sistemi qalarsa, BMT də əvvəlki Millətlər Cəmiyyəti kimi iflasa uğraya bilər. Münaqişələrin qarşısının alınması üçün qlobal əməkdaşlıqla yanaşı, regional səviyyədə də sülh təşəbbüslərinə ehtiyac var.
Əgər BMT-də islahatlar aparılarsa, beynəlxalq təşkilatların effektivliyi artar və dövlətlərin fərdi müdaxilələrinə imkanlar məhdudlaşar. Əks halda, böyük güclərin rəqabəti regionları daha da təhlükəyə sala bilər. Halbuki, dünyanın ən böyük rəqibləri olan ABŞ və Çin iqtisadi müstəvidə qarşılıqlı asılı vəziyyətdədirlər. Bu reallıq göstərir ki, əməkdaşlıq müharibədən daha çox nəticə verə bilər. Ona görə də həm qlobal, həm də regional səviyyədə dialoq və əməkdaşlıq əsas yoldur. Əks halda yeni bir dünya müharibəsinin qarşısını almaq çətin olacaq”.


Ayşə Müzəfərli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər