Gündəlik istifadə edirik, amma bilmirik: “Alqoritm” nədir?
Müasir dövrdə sosial şəbəkələrdən tutmuş axtarış sistemlərinə qədər istifadə etdiyimiz bir çox platforma “alqoritm” anlayışı üzərində qurulub. Lakin bu termin gündəlik həyatımızda tez-tez işlədilsə də, əksər insanlar onun əsl mənasını və necə işlədiyini tam anlamır. Alqoritmlər bizim qarşımıza çıxan məlumatları seçir, maraqlarımızı analiz edir və hətta qərarlarımıza təsir göstərə bilir. Bəs bu anlayış nə deməkdir və həyatımıza necə təsir edir?
Mövzu ilə bağlı İT mütəxəssisi Elvin Həsənov “İnformator.az”a açıqlamasında bildirib ki, alqoritm istifadəçinin davranışlarını analiz edib ona uyğun məzmun göstərən qaydalar sistemidir:
“Alqoritm dedikdə, bir işi yerinə yetirmək üçün addım-addım verilən təlimatlar nəzərdə tutulur. Yəni bu, kompüterə ‘nə et’ və ‘necə et’ deyən qaydalar toplusudur. Məsələn, siz YouTube-da bir video açırsınız və daha sonra qarşınıza oxşar videolar çıxır. Bu, təsadüfi deyil - arxasında alqoritm dayanır. Sistem sizin nə izlədiyinizi, videoya nə qədər baxdığınızı, nəyi bəyəndiyinizi analiz edir və belə nəticəyə gəlir ki, ‘bu istifadəçi bunları sevir, ona oxşar məzmun göstərim’. Bu proses çox sürətli və avtomatik şəkildə baş verir. Sadə dildə desək, hər klik etdikdə və hər videoya baxdıqda sistem sizi bir az daha yaxşı tanıyır və ona uyğun nəticələr təqdim edir. Yəni alqoritm sizin davranışlarınızı analiz edərək növbəti addımı təxmin edir. Sosial şəbəkələrdə isə bu təsir daha aydın görünür. Alqoritmlər sizin qarşınıza çıxan paylaşımları seçir. Yəni siz hər şeyi deyil, seçilmiş kontenti görürsünüz. Əgər siz müəyyən mövzulara daha çox maraq göstərirsinizsə, sistem həmin mövzuları sizə daha tez-tez təqdim edir. Nəticədə zaman keçdikcə eyni tip məlumatları daha çox görməyə başlayırsınız”.
Media eksperti Nicat Abdullayev də öz fikirlərini bölüşüb:
“Alqoritm ilk baxışda mürəkkəb anlayış kimi görünsə də, mahiyyət etibarilə sadədir. Bu, hər hansı problemin həlli və ya nəticəyə çatmaq üçün əvvəlcədən müəyyən edilmiş qaydalar və addımlar sistemidir. Bu gün isə bu anlayış Facebook, Instagram, TikTok və Google kimi platformalarda istifadəçi davranışını analiz edən və ona uyğun məzmun təqdim edən əsas mexanizmə çevrilib. Alqoritmlər artıq təkcə texniki alət deyil, həm də informasiya mühitini formalaşdıran güclü təsir vasitəsidir. Onlar hansı xəbəri görəcəyimizi, hansı mövzunun gündəmdə olacağını və hətta hansı fikirlərlə daha çox qarşılaşacağımızı müəyyən edir. İstifadəçinin əvvəlki davranışlarını — baxdığı videoları, oxuduğu xəbərləri və bəyəndiyi paylaşımları analiz edərək ona “maraqlı ola biləcək” məzmunu önə çıxarır. Bu, bir tərəfdən informasiyanın fərdiləşdirilməsini təmin edir, digər tərəfdən isə insanı müəyyən informasiya dairəsi daxilində “bağlayır”. Nəticədə fərqli baxış bucaqlarından uzaqlaşır və yalnız mövqeyimizi gücləndirən məlumatlarla qarşılaşırıq. Bu fenomen beynəlxalq praktikada “echo chamber”, yəni “əks-səda otağı” kimi tanınır və ictimai rəyə ciddi təsir edir”.
Ekspert əlavə edib ki, şüurlu istifadə alqoritmin təsirini azalda bilər:
“Bu təsirdən qorunmaq və daha obyektiv informasiya əldə etmək üçün istifadəçilər passiv istehlakçı deyil, aktiv seçici olmalıdır. İlk növbədə, məlumat mənbələrini şaxələndirmək lazımdır. Yalnız bir platformaya bağlı qalmaq düzgün deyil; fərqli media qurumlarını izləmək və alternativ baxışlara açıq olmaq informasiya balansını qoruyur. Digər tərəfdən, istifadəçilər öz rəqəmsal davranışlarının fərqində olmalıdır. Çünki nəyi izləyiriksə, alqoritm onu daha çox göstərir. Buna görə də şüurlu seçim etmək, manipulyativ məzmundan uzaq durmaq vacibdir. Eyni zamanda, media savadlılığı əsas rol oynayır: hər gördüyü informasiyanı yoxlamadan qəbul etməmək, mənbənin etibarlılığını analiz etmək və mümkün olduqda ilkin mənbəyə istinad etmək vacibdir. Nəticə etibarilə, alqoritmlər bizim üçün işləyən alətlərdir. Lakin biz onları düzgün idarə etmədikdə, onlar bizim informasiya seçimlərimizi idarə etməyə başlayır. Bu balansı qorumaq isə həm fərdi məsuliyyət, həm də sağlam media mühiti üçün kritik əhəmiyyət daşıyır”.
Arzu Poladova