Retroqrad qorxusu: Merkuri geriyə gedəndə həyat həqiqətən dəyişir?
Son illərdə astrologiya, xüsusilə gənclər arasında yenidən populyarlaşıb. Sosial şəbəkələrdə tez-tez rast gəlinən “Merkuri retroqraddadır” ifadəsi bir çox hadisələrin səbəbi kimi göstərilir - ünsiyyət problemləri, texniki nasazlıqlar, qərarsızlıq və s. Bəzi insanlar bu dövrə xüsusi diqqətlə yanaşır, planlarını belə dəyişir. Bəs bu anlayış nə dərəcədə reallığa əsaslanır və insanların həyatına həqiqətən təsir edirmi?
Mövzu ilə bağlı astroloq Aytən Salami “İnformator.az”a açıqlamasında bildirib ki, retroqrad planetin geriyə yox, yavaş hərəkətinin görünüşüdür:
"Merkuri isə bunu ən çox yaşayan planetdir. Ümumilikdə astrologiyada planetlərin retroqrad hərəkətləri anlayışı var. ‘Retro’ deyilən bu hərəkət sanki planetin geri hərəkət etməsi kimi izah olunur. Amma astronomik baxımdan heç bir planet geriyə getmir. Sadəcə planetin hərəkət sürəti yavaşlayır və bu yavaşlama Yer kürəsindən baxdıqda geri hərəkət edirmiş kimi görünür. Buna görə də astroloqlar bu dövrü ‘retroqrad dönəm’ adlandırırlar. Merkuri isə retroqrad hərəkəti ən tez-tez baş verən planetlərdən biridir. Hətta demək olar ki, birincidir. Çünki Merkuri il ərzində təxminən üç dəfə retroqrad olur və hər biri orta hesabla üç həftə davam edir. Bu planet ünsiyyət, kommunikasiya, düşüncə, yazışmalar, ticarət, müqavilələr, səyahət, nəqliyyat, texnologiya və kompüterlərlə əlaqələndirilir”.
Ekspert bildirib ki, bu dövrdə ünsiyyət və texnologiyada problemlər arta bilər; yeni işlərdən çox, keçmişi tamamlamaq tövsiyə olunur:
“Merkurinin hərəkəti yavaşladığı zaman astrologiyada belə qəbul olunur ki, onun ‘enerjisi’ Yerə daha zəif ötürülür. Bu səbəbdən də məhz bu sahələrlə bağlı müxtəlif problemlər ortaya çıxa bilər. Məsələn, ünsiyyətdə anlaşılmazlıqlar, yazışmalarda səhvlər, texniki nasazlıqlar, diqqət dağınıqlığı və s. Bu dövrdə astroloqlar insanlara daha diqqətli olmağı tövsiyə edirlər. Xüsusilə, yeni işlərə başlamaq, yeni qərarlar vermək, müqavilə imzalamaq məsləhət görülmür. Əgər yeni bir ideya yaranırsa, onu dərhal həyata keçirmək əvəzinə bir müddət gözləmək daha məqsədəuyğundur. Retroqrad dönəmlər daha çox keçmişə yönəlmək üçün uyğun hesab olunur. Bu zaman yarımçıq qalmış işləri tamamlamaq, köhnə layihələrə qayıtmaq, əvvəlki səhvləri düzəltmək daha faydalı olur. Həmçinin keçmişdən gələn insanlar, əlaqələr və ya hadisələr yenidən gündəmə gələ bilər”.
Ekspert əlavə edib ki, qərarlarda və sənədlərdə daha diqqətli olmaq lazımdır; ani seçimlər sonradan peşmanlıq yarada bilər:
“Bu dövrdə, xüsusilə, diqqətli olmaq vacibdir. Əgər hər hansı bir sənəd imzalanmalıdırsa və ya texnoloji avadanlıq almaq məcburiyyəti varsa, hər şeyi bir neçə dəfə yoxlamaq tövsiyə olunur. Çünki konsentrasiya zəifləyə, diqqətdən qaçan detallar sonradan problemlərə səbəb ola bilər. Retroqrad dönəmdə verilən ani qərarlar isə çox vaxt sonradan peşmanlıq doğura bilər. Astrologiya bəziləri üçün sadəcə inanc kimi görünsə də, bu sahə ilə məşğul olanlar onun daha çox müşahidə və təcrübəyə əsaslandığını bildirirlər. İnsan iradəsi və seçimləri əlbəttə önəmlidir, lakin astrologiyaya görə kainatda mövcud olan enerjilər insan həyatına müəyyən təsir göstərə bilir. Bu səbəbdən, retroqrad dövrlər daha çox düşünmək, yavaşlamaq və keçmişi dəyərləndirmək üçün bir fürsət kimi qəbul edilir. Əgər bir fikir uzun müddətdir beyninizdədirsə, lakin həyata keçirə bilməmisinizsə, məhz bu dövr onu tamamlamanız üçün uyğun zaman hesab olunur”.
Arzu Poladova