Gürcüstan Prezidenti və Slovakiyanın Baş nazirinin müavini sahəvi əməkdaşlığı müzakirə ediblər
Gürcüstan Prezidenti Mixeil Kavelaşvili və Slovakiyanın Baş nazirinin müavini Denisa Sakova görüş zamanı əməkdaşlığın inkişafını və regiondakı vəziyyəti müzakirə ediblər.
"İnformator.az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i Gürcüstan Prezidentinin Administrasiyasına istinadən məlumat yayıb.
Qeyd olunub ki, sahəvi əməkdaşlığa və ticarət-iqtisadi sahədə qarşılıqlı fəaliyyət potensialına xüsusi diqqət yetirilib. Tərəflər həmçinin dünyadakı cari siyasi prosesləri və dövlətlərin qarşısında duran çağırışları müzakirə ediblər.
Orta Dəhlizin əhəmiyyəti və onun inkişafında Gürcüstanın strateji rolu xüsusi olaraq vurğulanıb.
Bundan əlavə, söhbət zamanı Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətlərə də toxunulub.