HƏMAS İrana qonşu ölkələri hədəf almamağa çağırıb
HƏMAS İrana yönələn hücumlar fonunda bəyanat yayaraq regionda gərginliyin daha da artmaması üçün çağırış edib. Hərəkat İranın beynəlxalq hüquqa uyğun olaraq özünü müdafiə etmək hüququnun olduğunu bildirsə də, rəsmi Tehrana qonşu dövlətləri hədəf almamağı tövsiyə edib. Bəyanatda həmçinin region ölkələri müharibənin genişlənməsinin qarşısını almaq və sabitliyi qorumaq üçün birlikdə fəaliyyət göstərməyə çağırılıb.
Mövzu ilə bağlı siyasi şərhçi Əli Orucov “İnformator.az”a bildirib ki, ABŞ-İsrail koalisiyasının İrana hücumu təkcə Yaxın Şərqdə başlayan münaqişələri və qarşıdurmaları daha da genişləndirməyib, eyni zamanda qlobal sülhə ciddi zərər vurub:
“Müharibə arealının genişlənməsindən və yeni mərhələyə qədəm qoymasından ən çox ziyan çəkən region ölkələridir. 2023-cü ilin noyabrından başlanan İsrail-HƏMAS müharibəsinin böyük bir coğrafiyanı əhatə edəcəyi ilə bağlı narahatlıqlar var idi. Çünki Təl-Əvivin davranışları və ABŞ-nin buna yaşıl işıq yandırması radikallaşmanı, nifrəti artırırıb. Təəssüflər olsun ki, beynəlxalq ictimaiyyət zamanında aqressiyaya öz etirazını bildirməyib. Bunun da nəticəsində qorxulu ssenarilər baş verib. 28 fevralda ABŞ-nin patronajlığı altında İsrailin birgə İrana hava zərbələri endirməsi beynəlxalq güclərin rəqabətini də şiddətləndirib. İran müharibədə verdiyi ağır itkiləri Birləşmiş Ştatların müttəfiq körfəz ölkələrinə zərbələr endirməklə kompensasiya etmək qərarına gəldi. Bu isə durumu daha da nəzarətdən çıxara biləcək risklərə yol açır. HƏMAS-ın da regionda gərginliyin daha da artmaması üçün çağırışı bu narahatlıqdan qaynaqlanır. Regional gərginliyi artıran faktorlardan biri də məhz HƏMAS-dır. ABŞ başda olmaqla həmin təşkilat terror təşkilatı kimi tanınır. 3 ilə yaxın İsraillə müharibədə təşkilat öz gücünü xeyli dərəcədə itirdiyindən regional təsiri də demək olar minimaldır. Onun bəyanat və çağırışlarının İranla ABŞ-İsrail müharibəsinə indiki halda rol oynamayacaq. Ümumiyyətlə, İran vurulmazdan əvvəl onun proksi qüvvələri sıradan çıxarılıb yaxud da zəiflədilib. Buna baxmayaraq, HƏMAS-ın bəyanatı onun mövqeyinin müəyyənləşdirilməsi üçün əsas ola bilər. Regionda sabitliyin bərpasına və qorunmasına səbəb yaradan halların aradan qaldırılması bu təşkilatın imkanları xaricindədir”.
Cavahir Əsgərbəyli