Hücumların genişləndirilməsi qərarı verilib
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağına qarşı 22 ay davam edən hücumları genişləndirmək qərarı verib. Təhlükəsizlik qurumları arasında fikir ayrılığı olmasına baxmayaraq, israilli əsirlərin olduğu bölgələrin də hədəfə alınacağı, işğal və qətliamın Qəzzənin bütün ərazisinə yayılacağı bildirilib.
İsrailin dövlət televiziyası KAN-a danışan bəzi yüksək vəzifəli nazirlər Netanyahu ilə görüşdüklərini və Baş nazirin israilli əsirlərin saxlanıldığı ehtimal edilən əraziləri də əhatə edəcək şəkildə Qəzzaya hücumları genişləndirmək qərarı verdiyini bildiriblər.
Nazirlər Netanyahu-nun Qəzza zolağında hücumların genişləndirilməsi qərarını təhlükəsizlik qurumları ilə fikir ayrılığına baxmayaraq verdiyini, həmçinin onun görüşlər zamanı "zolağın işğalı" ifadəsini də işlətməsinə diqqət çəkiblər.
İsrailin Baş naziri Binyamin Netanyahu Qəzza zolağında “müharibə məqsədlərinə” çatmaq üçün yeni qərarlar qəbul etmək məqsədilə bu həftə təhlükəsizlik kabinetini toplayacağını açıqlanıb.
İsrail mediası isə ordunun humanitar fəlakətə sürüklədiyi Qəzza zolağına hücumları genişləndirmək üçün hazırlıqlar gördüyünü yazıb. Ordunun hazırladığı genişmiqyaslı “mərhələli hücum planı” çərçivəsində dəfələrlə məcburi köçkün düşmüş fələstinlilərin sığındığı qaçqın düşərgələri də daxil olmaqla, “həssas bölgələrin” quru hücumları ilə hədəf alınacağı qeyd olunub.
İsrail ordusunun indiyə qədər həmin bölgələrə əsirlərin mövcudluğu səbəbindən quru hücumu həyata keçirməkdən çəkinməsi iddia edilib. Bildirilir ki, İsrail kabineti bu həftə sözügedən genişmiqyaslı hücum planını müzakirə edəcək.
Haberler.com
Aygün Babayeva