"Həyatımın ən gözəl, çətin və əsəbi anları bu kanalda keçib" - Zaur Zeynal Teleradio Akademiyasında
Teleradio Akademiyasının müdavimləri "İdman TV"-nin direktoru Zaur Zeynal ilə görüşdülər. Görüş zamanı televiziya sahəsinin görünməyən tərəfləri, karyera pillələrində uğur qazanmağın sirləri və müasir medianın çağırışları ətrafında geniş söhbət aparıldı.
Televiziya sahəsində 20 ilə yaxın təcrübəyə malik olduğunu vurğulayan Zaur Zeynal, bu yolun heç də asan keçmədiyini bildirdi. O, karyerasına rejissor assistenti kimi başladığını və uzun müddət təcrübə toplayaraq mərhələli şəkildə yüksəldiyini gənclərin diqqətinə çatdırdı.
Gənclərin ən çox maraq göstərdiyi məşhurluq mövzusuna toxunan direktor, uğura gedən yolun yalnız zəhmətdən keçdiyini qeyd edib. O, peşəkar inkişafda nizam-intizamın rolunu xüsusi vurğuladı:
"Asan yolla məşhurlaşmaq mümkün deyil - peşənin bütün çətinliklərindən keçmək lazımdır. Disiplin olmasa, istedadın heç bir əhəmiyyəti yoxdur. Hətta kifayət qədər istedadlı olmasan belə, disiplinlə böyük uğurlar qazana bilərsən".
Görüşdə televiziyada komanda işinin vacibliyi də müzakirə olundu. Bildirildi ki, uğurlu nəticə yalnız fərdi bacarıqların deyil, düzgün qurulmuş əməkdaşlığın məhsuludur. Sosial medianın artan təsirindən bəhs edən Z. Zeynal qeyd etdi ki, televiziya auditoriyanı qorumaq üçün daha böyük və fərqli layihələr təqdim etməli, cəmiyyət üçün birləşdirici rolunu saxlamalıdır.
Görüşün sonunda Zaur Zeynal müdavimləri çətinliklər qarşısında ruhdan düşməməyə səslədi:
"Həyatda müxtəlif maneələr olacaq, amma işinizdən küsməyin. İnamla və disiplinlə irəli gedin".
Teleradio Akademiyasının müdavimləri üçün bu görüş real media təcrübəsinin mənimsənilməsi baxımından faydalı bir ustad dərsi kimi yadda qaldı.

Səbuhi Tağıyev