00:00:00
Yazar
Aysel Mirzəyeva
19.03.2026 20:33 13 2 dəq oxuma
Siyasət

"Hacıyevin Paris səfəri Azərbaycan-Fransa əlaqələrinə yeni perspektiv açır" - ŞƏRH

"Hacıyevin Paris səfəri Azərbaycan-Fransa əlaqələrinə yeni perspektiv açır" - ŞƏRH

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Parisdə Fransanın diplomatik dairələri ilə görüşərək ikitərəfli münasibətlərin inkişafı və regional məsələləri müzakirə edib. Görüşdə tərəflər həm siyasi əməkdaşlıq, həm də iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi imkanlarını müzakirə edib, qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərə dair fikir mübadiləsi aparıblar.

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan-Fransa əlaqələri tarixən bəzi çətinliklərə malik olub və bunun əsas səbəbi Fransa tərəfinin münaqişə ilə bağlı sərgilədiyi qərəzli mövqedir:

 

“Fransa ATƏT-in Minsk Qrupu-nun həmsədri kimi heç vaxt obyektiv və qərəzsiz mövqe ilə çıxış etməyib. Bu mövqe Azərbaycanın prosesdən kənarda qalmasına səbəb olub və müəyyən dövrdə əlaqələrin donmasına gətirib çıxarıb. Lakin son dövrlərdə Fransa prezidenti Emmanuel Macron Azərbaycan Prezidenti ilə mütəmadi təmaslar qurmağa çalışır, ikitərəfli görüşlər və diplomatik dialoqlar vasitəsilə əlaqələrin normallaşdırılması istiqamətində mühüm addımlar atır. Bu da iki ölkə arasında normallaşmanın əyani göstəricisidir. Rəsmi Bakı da münasibətlərin normallaşmasında maraqlıdır və konstruktiv dialoqa açıqdır, çünki Azərbaycan heç bir ölkə ilə gərginlik yaratmaq niyyətində deyil, qarşılıqlı əməkdaşlıq və dialoq yolu ilə bütün problemləri həll etmək istəyir. Paris səfəri yalnız siyasi əlaqələrin normallaşması baxımından deyil, həm də iqtisadi və mədəni əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Görüş zamanı tərəflər mövcud problemlərin həlli və əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Bu yalnız ikitərəfli münasibətlər üçün deyil, həm də regional və beynəlxalq səviyyədə stabillik və əməkdaşlıq üçün əhəmiyyətlidir. Regional təhlükəsizlik məsələsində isə Fransanın təsir imkanları məhduddur. Azərbaycan və Ermənistan arasında aparılan konstruktiv dialoq, həmçinin normallaşma istiqamətində atılan addımlar göstərir ki, Fransa proseslərə ciddi müdaxilə etmədən də bu istiqaməti dəstəkləyir. Bu, gələcəkdə Cənubi Qafqazda daha stabillik və tərəfdaşlıq mühitinin yaranmasına imkan verə bilər”.

 

Turan Rzayev vurğulayıb ki, bu səfər və görüşlər iki ölkə arasındakı münasibətlərin gələcəyi baxımından müsbət perspektiv yaradır:

 

“Fransa normallaşmanı istəyən tərəf olaraq konstruktiv siqnallar verir, rəsmi Bakı isə bu təşəbbüslərə dəstək nümayiş etdirir. Bu da göstərir ki, Azərbaycan hər zaman dialoq və əməkdaşlıq yolunu seçir. İkitərəfli görüşlər həm siyasi, həm iqtisadi, həm də regional məsələlərdə əməkdaşlığı genişləndirmək, qarşılıqlı etimadı gücləndirmək və gələcəkdə ortaq layihələrin reallaşmasına zəmin yaratmaq baxımından çox önəmlidir. Azərbaycan-Fransa münasibətlərinin normallaşması yalnız iki ölkə üçün deyil, bütün region üçün stabillik və tərəfdaşlıq mühitinin möhkəmlənməsi deməkdir. Paris səfəri və diplomatik görüşlər Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə qədəm qoymasının göstəricisidir və bu proses uzunmüddətli əməkdaşlıq, regional sabitlik və iqtisadi tərəfdaşlıq üçün əhəmiyyətli imkanlar yaradır”.


Ayşə Müzəfərli

#şərh #baki #gündəm #paris
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər