Hantavirus nədir və necə qorunmalı? - Səhiyyə ekspertindən VACİB AÇIQLAMA
“MV Hondius" kruiz gəmisi ilə bağlı yaranmış vəziyyət çərçivəsində indiyədək Andes hantavirusinfeksiyasına doqquz yoluxma halı rəsmən təsdiqlənib. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Epidemiologiya və Cavab Analitikası şöbəsinin müdiri Olivye Le Polie məlumat verib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən səhiyyə eksperti, professor Adil Qeybulla bildirib ki, virusun kruiz gəmisində yayılması və yoluxma mənbəyi tamamilə təbiidir:
“Hantavirusun əsas təbii rezervuarı və daşıyıcıları maral siçanlarıdır (deer mouse). Bunlar zahirən maralı xatırladan, lakin adi ev siçanlarından fərqlənən gəmiricilərdir. Evlərdə, zirzəmi və ya çardaqlarda rast gəlinən adi gəmiricilər hantavirusun əsas daşıyıcısı hesab olunmur. Bu baxımdan düzgün məlumatlandırma vacibdir. Bəzi mənbələrdə “düyü siçanı” kimi ifadələr işlədilsə də, söhbət məhz Şimali və Cənubi Amerikada geniş yayılan maral siçanlarından gedir”.
Ekspert qeyd edib ki, hantavirus insan orqanizminə keçdikdə ciddi fəsadlar yarada bilir. Xüsusilə “Sin Nombre” ştamı ağır klinik hallara yol açır. Ən çox rast gəlinən ağırlaşmalar bunlardır: hemorragik qızdırma; renal (böyrək) sindrom; kardiopulmonar (ürək-ağciyər) şok.
Virusun inkubasiya dövrü 1 həftədən 8 həftəyə qədər çəkə bildiyi üçün diaqnozun qoyulması bəzən çətinləşir və klinik mənzərə dumanlı qalır.
Virusun insandan insana keçmə ehtimalına toxunan A. Qeybulla bunun üçün çox yaxın təmasın zəruri olduğunu vurğulayıb:
“Yoluxmuş şəxsin ağız suyu, öskürək və ya asqırıq zamanı havaya yayılan damcıları vasitəsilə virus ötürülə bilər. Lakin hantavirusun genişmiqyaslı pandemiya yaratmaq potensialı yüksək deyil. Virusun yoluxduruculuq indeksi nisbətən aşağıdır və o, sürətlə yayılma xüsusiyyətinə malik deyil”.
Sonda ekspert virusun ölkəmizə daxil olması ilə bağlı narahatlıqların anlaşılan olduğunu qeyd edərək profilaktik tədbirlərin vacibliyini xatırladıb:
“Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilməli, şübhəli şəxslərlə təmas zamanı ehtiyatlı davranılmalı və ümumi sanitar-gigiyenik qaydalara ciddi əməl olunmalıdır”.
Reyhan Qulizadə