Hikmət Hacıyev ABŞ Konqres üzvləri ilə görüşüb
Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşərək iki ölkə arasında strateji əməkdaşlıq və regional təhlükəsizlik mövzularını müzakirə edib.
Mövzu ilə bağlı politoloq Qurbanova Aytən "İnformator.az"a bildirib ki, Azərbaycan regionun lider ölkəsi olaraq yeni regioanl münasibətlər sisteminin formalaşmasının da təşəbbüskarı qismində çıxış edir:
"İlk növbədə onu qeyd etmək lazımdır ki, regiondakı qüvvələr balansı artıq 44-günlük Vətən müharibəsindən sonra dəyişib. Yaranmış yeni reallıqlar fonunda Rusiyanın və İranın təsir mexanizmləri kifayət qədər zəifləyib. Beləliklə də, Azərbaycanın balanslı xarici siyasi kursu uğurlu şəkildə regional münasibətlərə də inteqrasiya olunmağa başlayır. ABŞ kimi qlobal aktorun da maraqlı olduğu yeni regional münasibətlər sistemi Azərbaycanın təşəbbüsü ilə formalaşır, eləcə də sülh və sabitliyin davamlılığının təminatçısına çevrilir. Məhz bu nöqteyi-nəzərdən yanaşdıqda, Azərbaycan Respublikasınln Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast və senator Stiv Dayns ilə görüşü zamanı regionda sabitliyin qorunması ilə mesajı kifayət qədər mühüm əhəmiyyət kəsb edir. Eləcə də, 8 avqust tarixində cənab Prezidentin iştirakı ilə Ağ Evdə keçirilmiş üçtərəfli görüşdən sonra belə görüşlər Azərbaycan-Qərb münasibətlərində yeni mərhələnin başladığının da bariz nümunəsidir. Bu yeni münasibətlər sistemi isə bütün qütblərin və aktorların maraqlarının toqquşduğu deyil, balanslı şəkildə təmsil olunduğu əməkdaşlıq mühitinin yaradılmasını hədəfləyir".
Bayramlı Zəri