Hikmət Hacıyev narazılığını bildirib?
Ermənistanın “Hraparak” nəşri iddia edir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev 30 avqustda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla telefonla danışıb.
Danışıqların səbəbi Trampın Ağ Evdə erməni əsirlərlə bağlı dediyi “Onları mənim xatirimə buraxın” sözləri olub. Hacıyev isə bildirib ki, Azərbaycan cinayət törətmiş şəxsləri azad edə bilməz. O, həmçinin “xristian məhbus” ifadəsindən narazı qaldığını deyib və bunun normallaşmaya zərər vurduğunu bildirib.
Nəşr yazır ki, Ermənistan hökuməti hazırda əsirlərlə bağlı konkret addım atmaq niyyətində deyil, amma Paşinyan seçkilərə qədər azı bir nəfəri qaytarmaq istəyir.
Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri, politoloq Xəyal Bəşirov “İnformator.az”a açıqlamasında bildirib ki, 8 avqust tarixində Ağ Evdə keçirilən görüşlər zamanı belə fikirlər səsləndirilib ki, Donald Tramp İlham Əliyevdən Bakıda ağır cinayətlərdə ittiham olunan 15 nəfərlə bağlı xahiş edib və ya edəcək:
“Hətta “xristian məhbuslar” ifadəsi həmin vaxt da işlədilib. Amma mən düşünürəm ki, ABŞ Prezidenti Donald Trampın Azərbaycan Prezidenti İlham Əliyevdən bu məsələ ilə bağlı nə dərəcədə xahiş edib-etməməsi barədə məlumatım yoxdur. Bununla bağlı Azərbaycan tərəfinin rəsmi mövqeyi də yoxdur. Yəni, ictimaiyyət və mətbuat üçün açıq mövqe təqdim edilməyib.
Amma hər bir halda nəzərə almaq lazımdır ki, cinayət qanunvericiliyində və beynəlxalq hüquqda cinayətkarlar dini mənsubiyyətə görə bölünmürlər. Belə bir yanaşma varsa, bu, yanlış yanaşmadır”.
Xəyal Bəşirov bildirib ki, digər bir məsələ ondan ibarətdir ki, Bakıdan İrəvana gizli zənglə bağlı da məndə məlumat yoxdur:
“Rəsmi olaraq belə bir məlumatla rastlaşmamışam. Amma hər bir halda, hazırkı mənzərə onu göstərir ki, Azərbaycanla Ermənistan arasında təmaslar var. Bu təmasların olmasında qəbahətli heç bir şey görmürəm. Çünki biz əgər sülh prosesini irəlilətmək istəyiriksə, keçmiş münaqişə tərəfləri olaraq münasibətlərin iki tərəfli qaydada həllinə nail olmaq istəyiriksə, təmaslar olmalıdır. Bu təmaslar canlı görüşlər, müxtəlif səviyyələrdə görüşlər və ya telefon vasitəsilə ola bilər. Belə bir təmasın olub-olmadığını dəqiq deyə bilmərəm, amma ümumilikdə təmasların olması zəruridir.
Hüquqi baxımdan həm Azərbaycan dövlətinin daxili hüququna, həm də beynəlxalq hüquqa görə şəxslərin cinayət törədib-törətməməsi onların milliyyətinə, irqinə, dini mənsubiyyətinə və ya digər göstəricilərinə görə fərqləndirilmir. Müsəlman, xristian, yəhudi və ya digər dinlərə aid olan şəxslərin cinayət törətməsi onların dini mənsubiyyətinə görə yüngülləşdirici və ya məsuliyyətdən azad etmə halı kimi nəzərdə tutula bilməz.
Həmin şəxslər Azərbaycan qanunvericiliyinə uyğun olaraq məhkəmə qarşısına çıxarılıblar. Onların ədalət mühakiməsi həm Azərbaycan qanunvericiliyinə, həm də beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə, şəffaflıqla və ictimaiyyətin məlumatlandırılması ilə həyata keçirilir. Düşünürəm ki, onlara münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş yüngülləşdirici və ya ağırlaşdırıcı hallar varsa, bunlar hər hansı digər dövlətin və ya dövlət rəhbərlərinin çağırışı, xahişi və ya tələbi olmadan da tətbiq edilə bilər. Bu məsələ Azərbaycan dövlətində məhkəmə hakimiyyətinə aid məsələdir”.
Xəyal Bəşirov açıqlamasında bildirib ki, Azərbaycan Konstitusiyasına görə, ölkədə hakimiyyətlərin bölgüsü prinsipi mövcuddur:
“Necə ki, ABŞ-də və dünyanın bir çox dövlətlərində bu prinsip tətbiq olunur, Azərbaycanda da məhkəmə hakimiyyəti müstəqildir və heç kim məhkəmə hakimiyyətinə hər hansı formada təsir göstərə bilməz.
O baxımdan düşünürəm ki, məhkəmə hakimiyyətinin səlahiyyətinə aid olan bu məsələ ilə bağlı kiminsə çağırışına, xahişinə və ya tələbinə əsasən həmin şəxslərin məsuliyyətdən azad edilməsi və ya işin gedişatına təsir göstərilməsi real deyil. Bu mövqe ümumiyyətlə yanlışdır”.
Xəyal Bəşirov son olaraq açıqlamasında bu kimi fikirlərin və mövqenin ən yaxşı halda şayiə ola bilməsini də qeyd edib:
“Belə bir məsələ ümumiyyətlə Azərbaycanla Ermənistan arasında sülh prosesinin tərkib hissəsi deyil. Sülh prosesinə aid bütün əsas məqamlar ictimaiyyətə açıqlanıb və orada hər hansı şəxslərin azad edilməsi ilə bağlı müddəa və ya fikir yer almır”.

Ləman Mahmudlu