Sammit sübut etdi ki, regionun taleyi rəsmi Bakının iştirakı olmadan müəyyən edilə bilməz-Deputat
Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin İrəvanda keçirilən VIII sammitinə videoformatda qatılıb. Ölkə rəhbərinin bu mühüm siyasi platformadakı çıxışı və iştirakı Azərbaycanın qlobal gündəlikdəki aktiv fəaliyyətini, habelə regional sabitliyin təmin olunmasında aparıcı qüvvə olduğunu bir daha nümayiş etdirib.
"Sammitin İrəvanda keçirilməsinə baxmayaraq, Cənab Prezident İlham Əliyevin bu platformada iştirakı regionun gələcək taleyinin rəsmi Bakının iştirakı olmadan müəyyən edilməsinin qeyri-mümkün olduğunu göstərir”.
Bu sözləri “İnformator.az”a Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı söyləyib.

Deputat bildirib ki, Ermənistanın paytaxtında keçirilən Avropa Siyasi Birliyi (ASB) Sammiti regionda dəyişən güc balansının və Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin simvolik nümayişidir:
“Ermənistanın paytaxtı İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti təkcə diplomatik gündəm hadisəsi olmaqla yanaşı, regionda dəyişən güc balansının və Ermənistanın Qərbə inteqrasiya cəhdlərinin simvolik nümayişi kimi qiymətləndirmək mümkündür. Yüksək səviyyəli beynəlxalq tədbirin məhz İrəvanda baş tutması, ölkənin hazırkı siyasi rəhbərliyi üçün, xüsusilə, Nikol Paşinyan üçün həm siyasi legitimlik, həm də beynəlxalq imic baxımından mühüm dividend yaradır. Amma bu prosesi birbaşa "siyasi dəstək” kimi qiymətləndirmək doğru olmaz. Çünki Avropa Siyasi Birliyi formal olaraq heç bir namizədə və ya siyasi qüvvəyə açıq dəstək vermir. Burada əsas məqsəd geosiyasi dialoqun və regional balansın qorunmasıdır.İrəvanda keçirilən Avropa Siyasi Birliyi Sammiti çərçivəsində Canab Prezident İlham Əliyev də videobağlantı formatında çıxış edib. Bu da platformanın regional dialoq üçün əhəmiyyətini bir daha ön plana çıxarıb. Prezident İlham Əliyev videoformat vasitəsilə Ermənistanın evsahibliyi etdiyi tədbirə regionun yeni reallıqlarını diktə edən tərəf kimi qatılıb”.
Deputat, Cənab İlham Əliyevin "Biz cəmi doqquz aydır ki, sülh şəraitində yaşayırıq və sülh şəraitində yaşamağı öyrənirik” sözlərini onilliklər boyu davam edən münaqişədən sonra cəmiyyətin və dövlət institutlarının yeni reallığa adaptasiya prosesini ifadəsi olduğunu bildirib:
“Uzunmüddətli qarşıdurmadan sonra dinc yanaşı yaşama formasına keçid sosial-psixoloji hazırlıq tələb edir. 9 aylıq qısa müddət sülhün kövrəkliyi ilə yanaşı, prosesin artıq geri dönməz xarakter aldığını göstərir. Ağ Evdə imzalanan sənədlərə istinad edilməsi də sülh prosesinin beynəlxalq legitimliyini, qlobal güclər tərəfindən dəstəkləndiyini vurğulayır.Avropa İttifaqının təşəbbüsü ilə formalaşan yeni siyasi platforma - Avropa Siyasi Birliyi ötən dövr ərzində dünya miqyasında kifayət qədər diqqət cəlb edə bilib. Sözügedən Birlik Avropanın müxtəlif dövlətlərini bir araya gətirərək ümumi təhlükəsizlik, enerji, iqtisadi inkişaf, nəqliyyat, ekoloji sabitlik və digər sahələrdə əməkdaşlığı dərinləşdirməyi hədəfləyir. Azərbaycan da bu təşəbbüsdə iştirak edən mühüm dövlətlərdən biridir. Xüsusən də geosiyasi mövqeyi, enerji resursları və regional təhlükəsizlikdə oynadığı rol ölkəmizi Avropa üçün strateji tərəfdaşa çevirir”.
Avropa Siyasi Birliyinin əhəmiyyətini açıqlayam Millət Vəkili, Azərbaycanın bu platformadakı rolundan da bəhs edib:
“Avropa Siyasi Birliyinin Zirvə toplantıları siyasi dialoqun gücləndirilməsi, enerji və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı, iqtisadi inteqrasiya və qlobal çağırışlara cavab baxımından böyük əhəmiyyət daşıyır. Bu toplantılar Avropanı daha birləşik, təhlükəsiz və davamlı inkişaf edən məkan kimi formalaşdırmağa xidmət edir. Prosesə mühüm töhfə verən ölkələrdən biri isə məhz Azərbaycandır. Eyni zamanda, Azərbaycan Avropa Siyasi Birliyinin sammitləri vasitəsilə özünün regional təsir gücünü artırmaq, enerji və tranzit imkanlarından Avropa ilə qarşılıqlı maraqlar əsasında istifadə etmək, gələcəkdə beynəlxalq institutlarla münasibətlərdə daha balanslı və etibarlı tərəfdaş mövqeyi tutmaq imkanlarını genişləndirir”.
Zəri Bayramlı