Hindistan, ya Bharat?
Hindistan adlarını dəyişdirən ölkələrin siyahısına qoşula bilər. Ölkə rəhbərliyi “Hindistan” əvəzinə digər adın önə çıxarılması üçün çalışır. Hindistan hökuməti parlamentdə məsələ ilə bağlı xüsusi iclas keçirməyi belə qərara alıb.
Ölkədə bu həftə G20 sammiti keçiriləcək. Prezident Draupadi Murmunun liderlərə göndərdiyi nahar dəvətnaməsi mübahisələrə səbəb olub. Belə ki, dəvət məktubunda “Bharat dövlətinin başçısı” ifadəsi işlədilib. Sanskrit dilində "Bharat" sözü Hindistan üçün istifadə olunur. Diplomatik dəvətnamədə bu addan istifadə hökumətin ölkənin ingiliscə mənşəli adının rəsmi istifadəsinə son verə biləcəyi təəssüratını yaradıb. Hindistan Konstitusiyasının birinci maddəsində ölkənin hər iki adı qeyd olunur. Bu gün ölkədə həm “Bharat”, həm də “Hindistan” adı işlədilir. İttifaq yaradan müxalif partiyalar hakim partiyanın “Hindistan” adından istifadəni dayandırmaq təklifinin səhv olduğunu bildirir.
Hindistan Milli Konqresinin lideri Şaşi Tarurun sözlərinə görə, Hindistanı "Bharat" adlandırmaq Konstitusiyaya zidd deyil, çünki o, ölkənin iki rəsmi adından biridir. “Bununla belə, mən hesab edirəm ki, hökumət marka dəyəri yaradan, tarixə keçmiş və dünyanın hər yerində tanınan bir addan imtina etməkdənsə, hər iki sözü istifadə etməyə davam etməlidir”.
Bu addımla Hindistanın hakim partiyasının seçkiöncəsi mühafizəkar seçici bazasının nəbzini sınadığı iddia olunur. Düşünülür ki, Hökumət millətçi hissləri oyatmağa çalışır. Hakim partiya bu dəyişikliklərlə cəmiyyətin tarixi yaddaşını dəyişdirəcək və Böyük Britaniya müstəmləkəçiliyi dövrünün izlərini siləcək. Əslində, bu, ilk ad dəyişmə cəhdi deyil. 2014-cü ildə partiya hindu millətçiliyi ideologiyasına uyğun olaraq Hindistanda bəzi şəhərlərin və tarixi yerlərin adlarını dəyişdirib. 2,1 milyard avroluq bərpa işləri çərçivəsində parlament binası və prezident sarayı da daxil olmaqla xeyli bina sökülüb. Bir çox bina isə yenidən dizayn edilib. Hakim partiyanın fikrincə, "Bharat" adından istifadə milli qürur hissini gücləndirəcək və ölkənin mədəni zənginliyini önə çıxaracaq.
Hindistanın təhsil naziri Dharmendra Pradhan isə bunun daha əvvəl baş verməli olduğunu bildirib. “Prezident indi "Bharat" adına üstünlük verdi. Bu, müstəmləkə zehniyyətindən qurtulmaq üçün ən vacib mesajdır. 'Bharat' bizim şəxsiyyətimizdir və biz bununla qürur duyuruq”.
Hindistan sözünün istifadəsini dayandırmaq asan məsələ deyil. Bu addımın rəsmiləşməsi üçün Konstitusiya dəyişikliyi lazımdır. Bu düzəliş parlamentin hər iki palatasında üçdə iki səs çoxluğu ilə keçməli və ştatların ən azı yarısı ratifikasiya etməlidir. Hindistan hökuməti sentyabrın 18-22-də parlamentdə məsələ ilə bağlı xüsusi iclas keçirməyi qərara alıb.
AYSEL
