“HƏMAS-ın xaricdəki liderlərini də zərərsizləşdirməyə hazırıq”
İsrail Ordusu digər ölkələrdə olmaqla, Fələstinin radikal HƏMAS hərəkatının liderlərinin məqsədyönlü şəkildə zərərsizləşdirilməsini davam etdirməyə hazırdır.
Məsələ ilə bağlı politoloq Aytən Qurbanova “İnformator.az”a açıqlamasında bildirib ki, İsrailin bir çox istiqamətdə HƏMAS-la mübarizəni davam etdirməsi əslində HƏMAS-ın legitim olaraq Fələstini təmsil etməsi ilə bağlı olan iddialarının sıradan çıxarılması və terrorla mübarizə adı altında həyata keçirilən əməliyyatların bir tərkibi hissəsidir:
"Çünki Fələstin Azadlıq Təşkilatı qlobal sistemdə Fələstini təmsil edən ən əsas rəsmi tərəf olaraq qəbul edilir. Antiterror tədbirləri adı altında HƏMAS-ın tamamilə sıradan çıxarılmasını hədəfləyən bir çox istiqamətdə əməliyyatların həyata keçirilməsini müşahidə edə bilirik. Terrorla mübarizə adı altında mülki hədəflərin seçilməsi və uşaqların, qadınların,əsas qrupa aid olan şəxslərin hədəf seçilməsi, bu istiqamətdə atılan addımlar terrorla mübarizədə ilkin açıqlanan mübarizə faktını şübhə altına alan məqamlardan biridir. Düşünürəm ki, ümumilikdə Fələstinin mövqeyinin zəiflədilməsi və danışıqlar prosesində Fələstinin güzəştə getməsinə gətirib çıxaran məqamlardan biridir”.
Çimnaz Telmanqızı