Həmas Trampı ittiham edib
Həmas, ABŞ-nin Prezidenti Donald Trampın “Həmasın israilli əsirləri canlı qalxan kimi istifadə etdiyi” barədə açıqlamasına sərt reaksiya göstərib. Hərəkat Trampı İsrailin Qəzzadakı hərbi cinayətlərini görməzdən gəlməkdə və Sionist təbliğatına xidmət etməkdə günahlandırıb.
Həmas verdiyi bəyanatda Trampın ABŞ mərkəzli Truth Social hesabında paylaşdığı fikirlərə cavab olaraq bildirib ki, Tramp İsrail ordusunun Qəzzaya hücumları və əsirlərin vəziyyəti ilə bağlı paylaşımı ilə “Sionist təbliğatının tərəfini tutur” və “Qəzzada əksəriyyəti qadın və uşaq olmaqla 65 min insanın həlak olmasını, etnik təmizləmə cinayətini görməzdən gəlir.
ABŞ administrasiyası İsrailin baş naziri Binyamin Netanyahunun əsirlərin azad olunması üçün bütün imkanları əngəllədiyini bilir. Son nümunə isə Qətərə hücum və Həmas nümayəndə heyətinə Trampın son təklifini müzakirə etdikləri anda həyata keçirilən sui-qəsd cəhdi olub".
Həmas bəyan edib ki, Qəzzadakı əsirlərin taleyini “terrorçu Netanyahu hökuməti” müəyyənləşdirir və şəhərin sistemli dağıdılması ilə yanaşı “faşist soyqırımı” əsirlərin həyatını da təhlükə altına qoyur.
Hərəkat, Netanyahunun əsirlərin həyatına, ABŞ administrasiyasının isə iki ildir davam edən hərbi cinayətləri ört-basdır etməkdəki dəstəyi ilə Qəzzada soyqırımın dərinləşməsinə görə məsuliyyət daşıdığını vurğulayıb.
Donald Tramp isə paylaşımında Həmasın əsirləri İsrailin quru əməliyyatlarına qarşı “insani qalxan” kimi istifadə etmək üçün yerüstü ərazilərə köçürdüyü barədə xəbərlər gördüyünü iddia edib. O, “Həmas əsirləri insani qalxan kimi istifadə edərsə, başına gələcəkləri anlamalıdır. Bu nadir rast gəlinən bir insanlıq cinayətidir”, – deyə bildirib.
TRT XƏBƏR
Sura Əliyeva