“Hörmüz boğazındakı çətinliklər davam edərsə, neftin qiyməti uzun müddət yüksək qalacaq”- DEPUTAT
Beynəlxalq dəniz ticarətinin ən strateji nöqtələrindən biri olan Hörmüz boğazı yenidən gündəmin mərkəzinə düşüb. ABŞ Prezidenti Donald Trampın İranın boğazda gəmiçilik üçün rüsum alması niyyətinə açıq şəkildə etiraz etməsi iki ölkə arasındakı gərginliyi bir daha alovlandırıb. Dünya neft ixracatının əhəmiyyətli hissəsinin keçdiyi bu su yolunun nəzarəti uğrunda mübarizə, həm regional təhlükəsizliyi, həm də qlobal enerji bazarlarını birbaşa təhdid edən ciddi bir məsələyə çevrilib.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, neftin dünya bazar qiymətləri hazırda yüksək səviyyədə qalmaqda davam edir:
“Bunun əsas səbəblərindən biri məhz Hörmüz boğazındakı gərginlikdir. Əgər boğazda rüsum tətbiq olunarsa, bu, yükdaşıma və enerji daşımalarının xərclərini əhəmiyyətli dərəcədə artıracaq. Bu da neftin dünya bazar qiymətlərindəki artımın daha uzunmüddətli dövrü əhatə etməsinə gətirib çıxara bilər. Neft qiymətlərinin gələcək dinamikası bir neçə amilə bağlıdır. Hörmüz boğazının hansı səviyyədə istifadə olunması, çətinliklərin tam və ya qismən aradan qaldırılması, eyni zamanda gərginliyin nə qədər davam etməsi-bütün bunlar qiymətlərə birbaşa təsir göstərir. Münaqişənin coğrafiyası da bu prosesdə mühüm rol oynayır. Müharibə nəticəsində bəzi körfəz ölkələrinin neft-enerji infrastrukturuna ciddi ziyan dəyib ki, bu da hasilata birbaşa təsir göstərir. Bütün bunları nəzərə alaraq, biz neftin dünya bazar qiymətində hələlik kəskin azalmaların olacağını gözləmirik. Beynəlxalq təşkilatların proqnozları da bu istiqamətdədir. Əgər Hörmüz boğazındakı çətinliklər davam edərsə, neftin dünya bazar qiyməti daha uzun müddət yüksək olaraq qalmaqda davam edəcək”.
Mehriban Yariyeva