“Hər iki ölkə alternativ tərəfdaşlıq axtarışına üstünlük verərək Vaşinqtondan uzaqlaşıb”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Hindistan və Rusiyanı itirdiyini etiraf edib.
Mövzu ilə bağlı politoloq Züriyə Qarayeva “İnformator.az”a açıqlamasında bildirir ki, Donald Trampın Vaşinqtonun Hindistan və Rusiyanı itirdiyini etiraf etməsi ABŞ-nin xarici siyasətindəki bəzi boşluqları üzə çıxarır:
“Bu, ilk növbədə Vaşinqtonun uzunmüddətli tərəfdaşlarla münasibətləri sabit saxlamaq bacarığının zəiflədiyini, rəqiblərin isə yeni əməkdaşlıq formatları qurmaqda daha çevik davrandığını göstərir. ABŞ-nin son illərdəki ziddiyyətli addımları və prioritetlərinin tez-tez dəyişməsi müttəfiqlər arasında etimad böhranına yol açıb. Rusiyanın Çinə yaxınlaşması beynəlxalq güc balansında əhəmiyyətli dəyişikliklərə səbəb ola bilər. Bu iki dövlətin strateji əməkdaşlığı Qərbin təsir imkanlarını məhdudlaşdırır, xüsusən də enerji, iqtisadi və hərbi sahələrdə alternativ güc mərkəzinin formalaşmasına gətirir. Bu proses həm Avrasiyada, həm də qlobal miqyasda ABŞ və Avropa üçün yeni çağırışlar yaradır, beynəlxalq sistemdə çoxqütblülüyün dərinləşməsini sürətləndirir. ABŞ-nin Rusiya və Hindistanla münasibətlərinin zəifləməsinin səbəbləri çoxşaxəlidir. Rusiya ilə münasibətlər Ukrayna münaqişəsi, sanksiyalar və təhlükəsizlik məsələlərinə görə gərginləşib. Hindistanla isə Çin amili, Qərbin bəzi məsələlərdə Yeni Dehliyə qarşı sərt mövqeyi və ABŞ-in Hindistanın strateji müstəqilliyinə tam hörmət etməməsi münasibətləri soyuqladıb. Nəticədə hər iki ölkə alternativ tərəfdaşlıq axtarışına üstünlük verərək Vaşinqtondan uzaqlaşıb”.
Aysel Mirzəyeva