Husilərin bəyanatı və ABŞ-İran qarşıdurması: bölgədə gərginlik artır
İran, ABŞ və İsrail arasında artan gərginlik fonunda Yəməndəki Husi hərəkatı münaqişəyə rəsmi şəkildə qoşulacağını bəyan edib. Hərəkatın “X” sosial şəbəkəsindəki paylaşımında qeyd olunub: “Yəmən rəsmən müharibəyə qoşulacaq. Gəmilərinizi bizim ərazi sularımızdan uzaq tutun”.
Bəzi mənbələr Yəmənin Bab əl-Məndəb boğazını bağladığını iddia edir. Bu isə dünya ticarəti və enerji təhlükəsizliyi baxımından ciddi nəticələr doğura bilər. Digər tərəfdən, iyunun 22-nə keçən gecə ABŞ İranın üç əsas nüvə obyektinə zərbələr endirib. Prezident Donald Tramp İranı yeni hücumlarla hədələyib. Rəsmi Tehran isə cavab tədbirlərinə hazır olduğunu bildirir.
Mövzu ilə bağlı politoloq Natiq Miri “İnformator.az”a açıqlamasında bildirib ki, Yaxın Şərqdə baş verən bu proseslər genişmiqyaslı qarşıdurmaya gətirib çıxara bilər:
“Yəməndəki husiləri heç kim müstəqil güc mərkəzi hesab etmir. Onlar İranın səsi kimi çıxış edir. Hərçənd onların bəyanatları səs-küy yaratsa da, reallıqda ciddi hərbi və siyasi gücə malik deyillər. Bu bəyanatlar münaqişənin genişlənməsi görüntüsü yaratmaq məqsədi daşıyır. Husilər İranın mesajlarını səsləndirir. Lakin Qırmızı dənizdə gəmilərə qarşı raket hücumları və İranın Hörmüz boğazını bağlamaqla bağlı verdiyi siqnallar ticarət və enerji təhlükəsizliyinə birbaşa təhdid yaradır.
ABŞ-ın İranın nüvə obyektlərinə endirdiyi zərbələr və Trampın sərt ritorikası isə xəbərdarlıq xarakteri daşıyır. Məqsəd İrana ABŞ-ın maraq dairəsindəki obyektlərə hücum etməməsi üçün siqnal verməkdir. Yaxın Şərqdə və İraqda ABŞ-ın hərbi bazaları var, həmçinin ABŞ donanması bölgədə mövcuddur. İran bu obyektlərə hücum etsə, növbəti mərhələdə hava hücumları ehtimal olunur. Lakin bu, genişmiqyaslı quru əməliyyatı anlamına gəlmir.
Digər tərəfdən, nə Hörmüz, nə də Bab əl-Məndəb boğazının tam bağlanması hələlik baş verməyib, bu daha çox təzyiq alətidir. Qlobal enerji bazarlarının 20 faizindən çoxu bu boğazlardan asılıdır. Dünya ölkələrinin əksəriyyəti, xüsusilə də NATO istisna olmaqla, yalnız bir həftəlik neft ehtiyatına malikdir. Əgər bu boğazlar real olaraq bağlanarsa, qlobal enerji böhranı qaçılmaz olacaq və neftin qiyməti sürətlə 100 dolları keçə bilər. Bu da böyük güclərin İrana qarşı koalisiya şəklində hərəkətə keçməsinə səbəb ola bilər.
İran isə bu riski hesablayır və hazırda sadəcə sözlü təzyiqlərlə vəziyyəti nəzarətdə saxlamağa çalışır. Lakin beynəlxalq ictimaiyyət İranın terror fəaliyyəti və nüvə ambisiyaları fonunda onu müdafiə etməkdə maraqlı deyil. Nəticədə İran tək qalır və bu, onun üçün strateji baxımdan ciddi zəiflik yaradır”.
Solmaz Muradova