00:00:00
Yazar
Zəri Bayramlı
21.10.2026 22:35 14 2 dəq oxuma
Sosial

İctimai nəqliyyatda sərnişin mədəniyyəti necə formalaşdırılmalıdır?

İctimai nəqliyyatda sərnişin mədəniyyəti necə formalaşdırılmalıdır?

İctimai nəqliyyatda sıxlıq, növbə qaydalarının pozulması və yaşlı insanlara yer verilməməsi sərnişinlər arasında narazılıq yaradan əsas problemlərdəndir. Sərnişin mədəniyyətinin formalaşdırılması isə hər bir insanın məsuliyyətindən başlayır.

 

 

Mövzu ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev “İnformator.az”a açıqlamasında bildirib ki, Bakıda ictimai nəqliyyatda yaranan sıxlığın aradan qaldırılması üçün nəqliyyat axınları bölünməli və vətəndaşlara alternativ hərəkət imkanları yaradılmalıdır:

 

 

“Paytaxtda nəqliyyat axınları qarışıb, mobillik ehtiyacı böyükdür, lakin seçim imkanları məhduddur. Mövcud dövlət proqramları sürətlə icra olunmalıdır ki, əhalinin mobillik ehtiyacları vaxtında təmin edilsin. Eyni zamanda , vətəndaşlara geniş seçim imkanı verilməlidir. Piyadaların hərəkəti üçün əlverişli şərait yaradılmalı, mikromobillik zolaqları əlaqələndirilməli, xüsusi avtobus zolaqlarının şəbəkəsi genişləndirilməli və avtobus parkı yenilənməklə sayı artırılmalıdır. Bununla yanaşı, metro, tramvay və şəhərətrafı elektrik qatarları vahid sistem kimi fəaliyyət göstərməlidir. Bu zaman sərnişin axını tənzimlənəcək və insanlar özlərinə ən uyğun nəqliyyat növünü seçə biləcəklər”.

 

Ekspertin sözlərinə görə, sərnişin mədəniyyətinin formalaşmasında şəhər infrastrukturu mühüm rol oynayır:

 

 

“İnfrastruktur vərdişləri, vərdişlər isə mədəniyyəti formalaşdırır. Son illərə qədər əsas diqqət avtomobil yollarına yönəldildiyi üçün vətəndaşlar şəxsi avtomobillərə daha çox üstünlük veriblər. Küçələrdə səkilərin daraldılması, parkinq yerlərinin yaradılması piyadaların sərbəst hərəkətinə mənfi təsir göstərib. Bu problemlərin aradan qaldırılması üçün köklü dəyişikliklər həyata keçirilməlidir. Belə ki, avtobus və mikromobillik zolaqları salınmalı, səki infrastrukturu sürətlə bərpa edilməli və svetoforların sayı artırılmalıdır. Nəqliyyat layihələrinin uğurlu icrası və sərnişin axınının düzgün bölünməsi insanların davranışlarına da müsbət təsir edəcək. Nəticədə ictimai nəqliyyatda sıxlıq azalacaq və sərnişin mədəniyyətinin yüksəldilməsi üçün zəruri şərait yaranacaq”.

 

 

Fidan Alışova

#azərbaycan #yeni #necə #sərnişin #formalaşdırılmalıdır?
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər