İkinci əl geyimlər niyə populyarlaşıb?
Son illərdə ikinci əl mağazalara maraq xüsusilə gənclər arasında sürətlə artıb. Bir vaxtlar yalnız maddi səbəblərlə seçilən ikinci əl geyimlər indi həm də stil, fərqlilik və ekoloji yanaşmanın simvoluna çevrilib. Sosial şəbəkələrdə yayılan “thrift culture” trendi insanların alış-veriş vərdişlərini dəyişməyə başlayıb.
Mövzu ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı “İnformator.az”a açıqlamasında bildirib ki, bu tendensiya bir çox ölkələrdə müşahidə olunur və bunun bir neçə əsas səbəbi var:
“Bir tərəfdən, az təminatlı insanlar daha ucuz geyim əldə edərək xərclərinə qənaət etməyə çalışırlar. Lakin bu, ümumi mənzərənin kiçik bir hissəsidir. Daha geniş yayılan səbəblərdən biri brend meylidir. Bəzi insanlar brend geyimə sahib olmaq istəyirlər və həmin məhsul işlənən olsa belə, ikinci və ya üçüncü əl variantını almağa üstünlük verirlər. Halbuki eyni qiymətə yeni, keyfiyyətli və markasız geyim almaq mümkündür. Məsələn, mağazada 200 manata satılan bir brend məhsulu almaq imkanı olmayan şəxs, onun ikinci əl variantını 20-30 manata əldə edir. Burada əsas məqsəd çox vaxt keyfiyyətdən daha çox brend görüntüsü olur. Halbuki əsas məsələ geyimin üzərində hansı adın yazılması deyil, onun materialı, keyfiyyəti və sağlamlıq baxımından təhlükəsizliyidir. İkinci əl geyimlərlə bağlı gigiyenik narahatlıqlar da var. Bu paltarların əvvəl kimlərin istifadə etdiyi, hansı şəraitdə saxlanıldığı və üzərində hansı mikroorqanizmlərin qala biləcəyi sual doğurur. Onların müxtəlif vasitələrlə təmizlənməsi mümkün olsa da, bəzi mütəxəssislər bunun tam təhlükəsiz olmadığını düşünürlər. Buna görə də yeni və keyfiyyətli geyimə üstünlük verilməsinin daha doğru olduğunu bildirənlər var. Psixoloqların fikrincə, bəzi hallarda brendə həddindən artıq bağlılıq özünü təsdiqləmə ehtiyacından qaynaqlanır. İnsanlar başqalarının onları daha imkanlı və ya fərqli görməsini istəyirlər. Xüsusilə, gənclər arasında bu tendensiya daha çox nəzərə çarpır. Sosial şəbəkələrin və moda trendlərinin təsiri də burada mühüm rol oynayır. Digər tərəfdən, bir çox insan üçün thrift mağazaları yalnız brend və ya görüntü məsələsi deyil. Bəziləri bunu iqtisadi səbəblərlə, bəziləri isə ekoloji yanaşma ilə seçir. İkinci əl istifadənin geyim tullantılarının azalmasına və daha davamlı istehlaka töhfə verdiyini düşünənlər də az deyil. Geyim seçimində əsas meyar brenddən çox keyfiyyət, rahatlıq və şəxsi ehtiyac olmalıdır. İmkan daxilində yeni və sağlamlıq baxımından təhlükəsiz geyim almaq daha məqsədəuyğun hesab edilir”.

Cavahir Əsgərbəyli