İlham Əliyev BMT Baş katibinin müavinini qəbul edib -ŞƏRH
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də BMT Baş katibinin müavini Amina Mohammedi qəbul edib.
Mövzu ilə bağlı siyasi şərhi Həşim Səhrablı “İnformator.az” a açıqlamasında bildirib ki,Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı əməkdaşlığı beynəlxalq hüquq və qarşılıqlı hörmətə əsaslanır:
“Hazırda Azərbaycanla Birləşmiş Millətlər Təşkilatı arasındakı münasibətlər təşkilatın təməl prinsiplərinə əsaslanan və inkişaf edən əməkdaşlıq çərçivəsində davam edir. Bu münasibətlərin əsasını beynəlxalq hüquqa hörmət, dövlətlərin suverenliyinin qorunması, güc tətbiqindən yayınmaq və bərabərhüquqlu dünya nizamının dəstəklənməsi təşkil edir. Şəhərsalma və qlobal problemlərlə bağlı Azərbaycanın həyata keçirdiyi layihələr də təqdirəlayiq hesab olunur. Dünyanın qorunması yalnız bir dövlətin deyil, bütün ölkələrin ortaq məsuliyyətidir. İqlim dəyişiklikləri, enerji böhranı və qlobal təhlükələrə qarşı birgə addımların atılması vacibdir. Bu baxımdan dövlətlərin bir-birinin ərazi bütövlüyünə, hüquq və suverenliyinə hörmət etməsi ümumi rifahın qorunması üçün əsas şərtlərdən biri sayılır”.
Həmçinin ekspert bildirib ki,Azərbaycanın beynəlxalq fəallığı Cənubi Qafqazın diplomatik və iqtisadi əhəmiyyətini artırır:
“Azərbaycanın beynəlxalq platformalarda artan fəallığı Cənubi Qafqaz üçün yeni imkanlar yarada bilər. Region coğrafi mövqeyinə görə həm şərq, həm də qərb arasında strateji körpü rolunu oynaya bilər və gələcəkdə diplomatiya mərkəzinə çevrilmək potensialına malikdir. Azərbaycanın balanslaşdırılmış xarici siyasəti region ölkələri üçün də nümunə kimi qiymətləndirilir və bu yanaşma Cənubi Qafqazın daha bitərəf və sabit məkan kimi formalaşmasına təsir göstərə bilər. Eyni zamanda tranzit layihələrinin inkişafı regionun iqtisadi potensialını artıraraq şərq-qərb və şimal-cənub ticarət marşrutlarında Cənubi Qafqazın əhəmiyyətini gücləndirə bilər. Azərbaycanın sülh və diplomatiyaya əsaslanan siyasəti də beynəlxalq münasibətlərdə nümunə kimi təqdim olunur. Xüsusilə Ermənistan ilə münasibətlərdə hərbi mərhələdən sonra diplomatik həll yoluna üstünlük verilməsi, problemlərin qarşılıqlı anlaşma və danışıqlar vasitəsilə həllinin mümkünlüyünü göstərən model kimi qiymətləndirilir”.
Arzu Poladova