İlham Əliyev Pakistanın Baş naziri ilə görüş keçirib
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif ilə görüşü olub.Görüş zamanı Məhəmməd Şahbaz Şərif bu ilin aprel-may aylarında Hindistanın Pakistana qarşı hərbi təcavüzü zamanı Azərbaycanın göstərdiyi siyasi dəstəyə və həmrəyliyə görə Pakistan xalqı və hökuməti adından dövlətimizin başçısına bir daha təşəkkürünü bildirdi.
Məsələ ilə bağlı politoloq Rizvan Hüseynov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan–Türkiyə–Pakistan müttəfiqliyi, qardaşlığı həm 44 günlük müharibədə, həm sonrakı hadisələrdə, həm də regionumuzun yeni geosiyasi vəziyyətinin formalaşmasında birbaşa iştirak edib:
"Bu üçlük – Türkiyə, Azərbaycan və Pakistan – regional reallığı müəyyənləşdirən dövlətlərdir. Ona görə də istənilən görüşlərimizin ölkə rəhbərliyi səviyyəsində keçirilməsi vacibdir və əməkdaşlığımızı daha da dərinləşdirir.
İstər iqtisadi, investisiya, istərsə də hərbi-texniki sahədə çox sıx əməkdaşlığımız mövcuddur. Təhlükəsizliyimizin təminatının vacib elementlərindən biri də məhz bu əməkdaşlıqdır. Pakistan və Azərbaycan həm investisiya baxımından, həm də dostluq-qardaşlıq münasibətlərinin inkişafında mühüm rol oynayır.
Çində, Tiencində keçirilən görüşdə Pakistan və Azərbaycan rəhbərləri müzakirələr apararaq belə bir mövqedə dayanıblar ki, Pakistanın Ermənistanla diplomatik əlaqələr yaratması məsələsində Azərbaycan razılıq verməsə, Pakistan bu addımı atmazdı. İki tərəfin görüşünün nəticəsi olaraq görürük ki, Pakistan Ermənistanı dövlət kimi tanımağa addım atır və diplomatik münasibətlər qurur. Bu da regional təhlükəsizlik baxımından çox mühüm amildir.
Digər məsələlər əsasən tranzit və nəqliyyat sahəsinə aiddir. Biz düşündük ki, Çinlə Türküstandan– Azərbaycana, buradan da Ermənistan VASİTƏSİLƏ Türkiyə və Avropaya gedən yollar vasitəsilə əməkdaşlıq etməyə meyllidir.
Pakistanın, həmçinin Çinin Şanxay Əməkdaşlıq Təşkilatında- Şərqdə nüfuzu çox böyükdür. Bu da Azərbaycan üçün önəmlidir, çünki Pakistanın nüfuzundan yararlanaraq həm Çində, həm Türküstanda, həm də ümumən Asiyada Azərbaycanın maraqları daha ciddi şəkildə təmsil oluna bilər".
Digər politoloq Oqtay Qasımov isə müsahibəsində bu görüşə belə münasibət bildirib:
“İkitərəfli münasibətlər çərçivəsində qarşılıqlı investisiyalar və digər istiqamətlərdə müzakirələr aparılıb. Bundan əlavə, ölkələrimiz arasında hərbi sahədə də kifayət qədər ciddi əməkdaşlıq mövcuddur. Hazırda Pakistan Azərbaycanın hərbi hava qüvvələrinin formalaşdırılmasında əsas tərəfdaşlardan biridir. Azərbaycan tərəfindən Pakistanda istehsal olunan bir sıra hərbi təyyarələrin alınması ilə bağlı müqavilələr imzalanıb. Bu isə münasibətlərimizin mühüm uğurlarından biridir.
Şübhəsiz ki, müzakirə olunan məsələlər sırasında Hindistan–Pakistan münasibətləri də yer alıb. Azərbaycan Prezidenti qeyd edib ki, Hindistan müxtəlif səviyyələrdə və formatlarda Azərbaycanın əleyhinə fəaliyyət göstərir, lakin bunun Azərbaycan üçün heç bir əhəmiyyəti yoxdur.
Azərbaycan–Pakistan münasibətləri bundan sonra da yüksələn xətlə inkişaf edəcək. Bu əməkdaşlıq nəticəsində Pakistan, Azərbaycan və Ermənistan arasında sülh prosesinə dair məsləhətləşmələr də aparılır. Sülh müqaviləsinin yekun mərhələyə çatdığı bir vaxtda, Ermənistanla münasibətlərin qurulması məsələsində Azərbaycanın mövqeyi əsas götürülüb. Bu da diplomatik münasibətlərin formalaşması üçün düzgün addım kimi qiymətləndirilir.
Ümumilikdə bir çox məsələlərdə, xüsusilə də təhlükəsizlik və regional əməkdaşlıqla bağlı Pakistan və Azərbaycan bir-birinin mövqeyini və maraqlarını nəzərə alır. Bu isə iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir”.
Nəzrin Nəsirova