“İlham Əliyev Serbiya xalqının sevdiyi əsl dostdur”
Azərbaycan və Prezident İlham Əliyev bizim strateji tərəfdaşımız və hətta əsl dostdur və indiki dünyada bunu hər kəs haqqında demək asan deyil.
Bu sözləri Serbiya Prezidenti Aleksandar Vuçiç deyib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev təkcə Serbiyada tanınmış lider deyil, həm də Serbiya xalqının sevdiyi şəxsdir.
Mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki, Azərbaycan xarici siyasət doktrinasında balanslaşdırıcı siyasətə üstünlük verir:
“Azərbaycan həm şimal, cənub, həm də şərq və qərblə iqtisadi, siyasi münasibətlərini uzlaşdırmaqdadır. Xüsusilə Avropa ilə. Avropa dünyanın iqtisadi, siyasi sisteminə təsir etmək gücünə malik olan birlikdir. Avropada Azərbaycanın dostlarının olması ümumi işin xeyrinədir. Çünki Avropada Azərbaycana qarşı siyasi münasibətlər müzakirə olunan ərəfədə, orada dostlarımızın Azərbaycanın mövqeyini obyektiv şəkildə dəstəkləməsinə həmişə ehtiyac var. Bu baxımdan Azərbaycan Avropanın ayrı-ayrı dövlətləri ilə ikitərəfli əməkdaşlığını genişləndirməkdədir. Azərbaycan Avropanın ondan artıq dövləti ilə enerji təhlükəsizliyini təmin etmək barədə müqavilə bağlayıb və strateji əməkdaşlığını davam etdirməkdədir.
Bu dövlətlərdən biri də Serbiyadır. Serbiya Prezidenti dəfələrlə Azərbaycan Prezidentinə qarşı dostluq münasibətlərini bəyan edib. Ümumilikdə Avropada bir neçə dövlət müstəqil siyasət həyata keçirir. Onlardan da biri Serbiyadır. Bu dövlət siyasi baxımdan müstəqil davranır və heç bir dövlətin və ya qruplaşmaların təsirində öz mövqeyini bildirmir. Serbiya həm milli maraqlarına görə, həm də beynəlxalq münasibətlərə görə müstəqilliyini qoruyur. Xüsusilə Azərbaycanla münasibətini inkişaf etdirməkdədir. Digər dövlətlər Serbiya Prezidentinin mövqeyinə baxıb, öz mövqeyini dəqiqləşdirir.
Hesab edirəm ki, Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafı iki dövlətin də milli maraqlarına uyğundur. Ümumilikdə Serbiya Prezidenti dəfələrlə Azərbaycan Prezidentinin siyasi dəsti-xəttini alqışlayıb və nümunə kimi bəyan edib. Hesab edirəm ki, iki dövlət arasında münasibətin yaxşı olması həm Avropa–Azərbaycan, həm də Serbiya–Azərbaycan münasibətlərinə uğur gətirəcək”.

Fatimə Heydərova
