00:00:00
Yazar
Admin User
27.08.2025 16:20 113 4 dəq oxuma
Siyasət

İlin sonuna kimi bu konfliktlərin həllini gözləyirik

İlin sonuna kimi bu konfliktlərin həllini gözləyirik

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff deyib ki, ABŞ administrasiyası bu ilin sonuna qədər Ukraynada, İsrail və İran arasında və Qəzza zolağında münaqişələrin həllini gözləyir.


"Rusiya - Ukrayna, İran – İsrail və HƏMAS - biz bu həftə ərzində bu münaqişələrin hər üçü ilə bağlı görüşlər keçiririk. Və biz onları bu ilin sonuna kimi həll etməyə ümid edirik", - o bildirib.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ dünyada mövcud münaqişələrin tənzimlənməsinə çalışır:


“ABŞ dünyada mövcud münaqişələrin tənzimlənməsi istəyini ortaya qoymaqdadır və bu istiqamətdə də vasitəçilik xidmətlərini də təklif edir. Konkret olaraq Rusiya ilə təmaslar zamanı həm Vitkoff, həm də ABŞ Prezidenti Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi ətrafında davamlı olaraq müzakirə aparır. Ümid etdiklərini də bildirirlər ki, münaqişə vəziyyəti tezliklə aradan qalxacaq. İran-İsrail münasibətlərinə gəldikdə isə 12 günlük müharibədən sonra atəşkəs əldə olunub. Yəni sadəcə olaraq tərəflərin silahlı qarşıdurma vəziyyəti aradan qalxıb. Amma münaqişənin özü aradan qalxmayıb. Eləcə də digər münaqişə vəziyyətləri ilə bağlı analoji mövqedən çıxış etmək olar. Məsələn, Pakistanla Hindistan arasında ziddiyyətlər qalmaqdadır. Əgər münaqişənin həllindən söhbət gedirsə, bu inandırıcı deyil. Yəni münaqişənin həlli o deməkdir ki, münaqişənin bütün elementləri aradan qalxmış olur. İndiki reallıqlar şəraitində bu mümkün deyil. Hazırda dünyada mövcud olan bütün münaqişə vəziyyətləri ilə bağlı qeyd edə bilərəm ki, münaqişənin həlli qeyri-mümkündür. İlin sonuna kimi belə bir perspektiv görülmür. Münaqişənin tənzimlənməsi isə mümkün ola bilər. Yəni münaqişənin tənzimlənməsi də o deməkdir ki, münaqişə tərəfləri açıq qarşıdurma vəziyyətini aradan qaldırır. Tərəflər arasında müəyyən bir razılaşma əldə olunur. Amma, bütün hallarda ziddiyyətlər qalmış olur. Bəli, belə imkanlar mövcuddur. Faktiki olaraq bugün İsraillə İran arasında birbaşa qarşıdurma vəziyyəti yoxdur. Amma münaqişə vəziyyəti mövcuddur. Rusiya ilə Ukrayna məsələsinə gəldikdə isə, məsələn, Alyaska görüşündən sonra Avropa ölkələrinin liderləri ilə bərabər Tramp Ağ Evdə Zelenski ilə görüş keçirib. Ondan sonra birbaşa münaqişənin həllindən danışdı. Sözsüz ki, bunun özü tam doğru yanaşma deyil. Yəni Rusiya ilə Ukrayna arasında münaqişənin tənzimlənməsi imkanlarından danışmaq mümkündür. Düzdür, Tramp Alyaska görüşünə qədər Rusiya ilə Ukrayna arasında atəşkəs rejiminin əldə olunmasını istəyirdi və bunu da müzakirələrin əsas predmeti kimi önə verirdi. Amma görüşdən sonra birbaşa tərəflər arasında tənzimlənmə imkanlarından danışdı. İlin sonuna qədər bunun mümkün olub-olmayacağını isə, hesab edirəm ki, ABŞ-Rusiya təmaslarının xarakteri təyin edəcək. Bildiyimiz kimi, hazırda tərəflər arasında silahlı qarşıdurma davam edir və görünən reallıq ondan ibarətdir ki, Rusiya ilə Ukrayna arasında ortaq məxrəcə gəlmə imkanları çox da geniş deyil. Yəni Rusiya nəzarətində olan ərazilərdən geri çəkilmək niyyətində deyil. Əvvəl irəli sürdüyü şərtlərində qalmağa israr edir. Ukrayna Prezidenti Zelenski isə ərazi güzəştlərinə getmək niyyətində olmadığını bildirir. ABŞ-nin özünün də mövqeyi bu məsələdə ziddiyyətlidir. Bir tərəfdən hər iki tərəfə təzyiq etmək niyyətini ortaya qoyub. Yəni Tramp qeyd edib ki, həm Ukraynaya, həm də Rusiyaya qarşı iqtisadi təzyiqlər edə bilər. Yəni hər iki tərəfi müəyyən güzəştlərə getməyə sövq etmək istəyir. Amma görünən reallıq ondan ibarətdir ki, hələlik bu istiqamətdə bir uğur yoxdur. Digər istiqamətlərdə isə, məsələn, İsrail və İran arasında, ziddiyyətlər eskalasiya etməyə bilər. ABŞ-nin bu istiqamətdə təsir imkanları daha böyükdür, eləcə də digər münaqişə vəziyyətləri ilə bağlı, Rusiya-Ukrayna münaqişə vəziyyəti xaric. ABŞ-nin müəyyən təsir imkanları var. Münaqişə subyektlərinə təsirlər edə bilərlər ki, onlar açıq qarşıdurma vəziyyətinə gəlməsinlər. Amma bir daha qeyd edim ki, Rusiya ilə Ukrayna arasındakı münaqişə vəziyyətində ABŞ-nin birbaşa təsiri, real təsiri çox da geniş deyil. Amma burada bir həlledici amil haqqında danışmaq olar. ABŞ Rusiya ilə münasibətlərin normallaşdırılmasında maraqlıdır. Rusya da dünyanın həm hərbi-siyasi, həm də iqtisadi cəhətdən ən güclü dövləti olan ABŞ ilə normal münasibətlərə, əlaqələrə sahib olmaq istəyir. Bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da bir neçə gün öncə açıq mətnlə ifadə etdi. Bu baxımdan, məhz Rusiya-ABŞ münasibətlərinin normallaşdırılması kontekstində Rusiya-Ukrayna münaqişəsi vəziyyətində də bir dönüş ola bilər”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər