İndoneziya yalnız Fələstini tanıdığı halda İsraili dövlət kimi tanıyacaq
İndoneziya, Fələstin dövlətini və Fələstinin müstəqilliyini tanıyan kimi dərhal İsrail dövlətini tanıyacaq və İsrailin təhlükəsizliyi üçün bütün təminatları dəstəkləyəcək.
Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İndoneziya indiyədək İsraili dövlət kimi tanımayıb və bu mövqe, İsrailin də Fələstin dövlətini tanımamasına cavab kimi formalaşıb:
"İndoneziya İslam dünyasının böyük və iqtisadi cəhətdən güclü dövlətlərindən biridir. Bu səbəbdən İndoneziyanın İsrail-Fələstin münasibətlərinə hər hansı formada təsir göstərməsi müəyyən nəticələr verə bilər. İndoneziyanın Fələstini müdafiə edən mövqedə çıxış etməsi iki əsas nəticəyə səbəb ola bilər. Birincisi, az ehtimal edilsə də, İsrailin Fələstin məsələsinə münasibətini dəyişə bilər. İkincisi, bütün İslam dünyasında İsrailə münasibətin daha açıq və sərt şəkildə ifadə olunmasına təsir göstərəcək. Bundan əlavə, İndoneziyanın bu açıq mövqeyi, dünyada İsrailin Qəzza məsələsində yürütdüyü siyasətə reaksiyaları daha da gücləndirə və beynəlxalq miqyasda əks-sədanın genişlənməsinə səbəb ola bilər. İndoneziyanın İsrail və Fələstinə münasibəti, İsrail-Ərəb müharibələri tarixində yeni bir yanaşmadır. Eyni zamanda, bu münasibətdə beynəlxalq hüquq baxımından qeyri-adi heç nə yoxdur. İndoneziya indiyədək İsraili dövlət kimi tanımayıb və bu mövqe, İsrailin də Fələstin dövlətini tanımamasına cavab kimi formalaşıb. Yəni İndoneziya İsraili tanımağı, İsrailin Fələstini dövlət kimi tanıması ilə şərtləndirir. Bu, hüquqi və humanitar prinsiplər baxımından tamamilə obyektiv mövqedir. Çünki Yaxın Şərqdə gərginliyin və müharibələrin əsas səbəblərindən biri, İsrail və ərəb ölkələri arasında qarşılıqlı olaraq bir-birini tanımamalarıdır. Bu məsələdə isə Fələstin-İsrail münasibətləri əsas rol oynayır. Düşünürəm ki, İndoneziya Cənub-Şərqi Asiyanın həm böyük, həm də iqtisadi cəhətdən inkişaf etmiş müsəlman ölkələrindən biri və D-8 təşkilatının üzvü kimi bu mövqeni sərgiləməklə həm İsrailə təzyiq göstərə, həm də Fələstinin mübarizəsini daha da gücləndirə bilər".
Səmayə Səftərova