00:00:00
Yazar
Nərmin Həşimova
20.05.2026 17:03 74 3 dəq oxuma
Sosial

İnternet resurslarında şəxsi məlumatların yayılması: Hüquqi və texniki tərəflər

İnternet resurslarında şəxsi məlumatların yayılması: Hüquqi və texniki tərəflər

Rəqəmsal dövrdə internet insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Sosial şəbəkələr, mobil tətbiqlər və müxtəlif onlayn platformalar gündəlik ünsiyyət və informasiya mübadiləsini asanlaşdırsa da, eyni zamanda şəxsi məlumatların təhlükəsizliyi ilə bağlı ciddi risklər yaradır. Bəzən istifadəçilərin foto, video, ünvan, telefon nömrəsi və digər şəxsi məlumatları icazəsiz şəkildə yayılır və bu həm hüquqi, həm də psixoloji problemlərə səbəb olur.


Mövzu ilə bağlı vəkil Məhəmməd Səfərov “İnformator.az”a açıqlamasında bildirib ki, internet resurslarında şəxsin razılığı olmadan fərdi məlumatların yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən hüquqa zidd hesab olunur:

 

“11 may 2010-cu il tarixində qəbul edilən “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununun 2.1.1-ci maddəsinə əsasən, fərdi məlumatlar - şəxsin kimliyini birbaşa və ya dolayı yolla müəyyən etməyə imkan verən istənilən məlumatdır. Bu məlumatlara şəxsin yaşayış və ya olduğu yer, telefon nömrəsi, elektron poçt ünvanı, vətəndaşlığı, ailə vəziyyəti, təhsil və peşə məlumatları, bank məlumatları, gəlirləri, irqi və milli mənsubiyyəti, sağlamlıq vəziyyəti, dini etiqadı və ya əqidəsi, ailə həyatı, siyasi baxışları və digər məlumatlar daxildir. Belə məlumatların şəxsin iradəsinə zidd olaraq internet resurslarında yayılması, satılması və ya üçüncü şəxslərə ötürülməsi qüvvədə olan qanunvericiliyə əsasən hüquqi məsuliyyət yarada bilər. Belə ki, şəxsin razılığı olmadan telefonuna gizli şəkildə daxil olmaq, yazışmaları skrinşot edərək paylaşmaq, şəxsi məlumatları ictimailəşdirmək cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 155-ci maddəsinə əsasən, yazışma, telefon danışıqları, poçt, teleqraf və digər məlumatların sirrini pozmağa görə min manatdan iki min manatadək cərimə və ya bir ilədək müddətə islah işləri cəzası nəzərdə tutulur. Eyni zamanda, Cinayət Məcəlləsinin 156-cı maddəsinə əsasən, şəxsi və ailə həyatının sirri olan məlumatların, həmin məlumatları əks etdirən sənədlərin, foto və video materialların, eləcə də səs yazılarının yayılması, satılması və ya başqa şəxsə verilməsi min manatdan iki min manatadək cərimə, iki yüz qırx saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri ilə cəzalandırıla bilər. Əgər bu məlumatların yayılması şəxsin şərəf və ləyaqətinin alçaldılmasına səbəb olarsa, həmin hallarda Cinayət Məcəlləsinin 147, 148 və 148-.1-ci maddələri ilə, xüsusilə, saxta profillərdən istifadə edildiyi hallarda, cinayət işi başlanıla bilər. Bundan əlavə, şəxsi məlumatların qanunsuz yayılması nəticəsində şəxsə maddi və ya mənəvi zərər dəyərsə, zərərçəkən şəxs məhkəməyə müraciət edərək vurulan zərərin ödənilməsini və mənəvi zərərə görə kompensasiya tələb edə bilər”.


İT mütəxəssisi Abdulla Abdullayev isə qeyd edib ki, şəxsi məlumatların internetə sızmasının əsas texniki səbəbləri zəif şifrələr, məlumat bazalarının sındırılması, fişinq hücumları, zərərli proqramlar və istifadəçilərin məlumatları fərqində olmadan paylaşmasıdır:


“Bəzi hallarda isə tətbiqlərin təhlükəsizlik boşluqları və məlumatların düzgün qorunmaması ciddi risk yaradır. İstifadəçilər məlumatlarını qorumaq üçün güclü və fərqli şifrələrdən istifadə etməli, iki mərhələli doğrulamanı aktiv etməli, naməlum link və fayllardan uzaq durmalıdır. Həmçinin şəxsi məlumatların sosial şəbəkələrdə həddindən artıq paylaşılması da riskləri artırır. Sosial şəbəkələrdə təhlükəsizlik üçün ən vacib addımlar məxfilik ayarlarının düzgün qurulması, hesabların yalnız etibarlı cihazlardan açılması, şübhəli mesaj və linklərə daxil olunmaması, hesab aktivliyinin mütəmadi yoxlanılmasıdır. Rəqəmsal savadlılıq artıq şəxsi təhlükəsizliyin əsas hissəsinə çevrilib”.

 

Cavahir Əsgərbəyli

#şəxsi məlumatlar #yayılması #internet #məsuliyyət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər