İnvestisiya qərarı: Hansı istiqamətlər daha perspektivlidir?
İnvestisiya qoyuluşu gələcək maliyyə sabitliyini təmin etmək və mövcud vəsaiti dəyərləndirmək üçün ən vacib addımlardan biri hesab olunur. Lakin bazarın dəyişkənliyi, iqtisadi proseslər və investisiya alətlərinin müxtəlifliyi düzgün seçim etməyi hər zaman asanlaşdırmır. Bu səbəbdən investisiya qərarı verərkən perspektivli sahələrin və mümkün risklərin əvvəlcədən qiymətləndirilməsi xüsusi əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı biznes eksperti İlkin Mirzəzadə “İnformator.az”a açıqlamasında bildirib ki, investisiya varsa, risk də həmişə var:

"İnvestisiya qərarı ümumiyyətlə çox ciddi yanaşılmalı bir qərardır və investisiya etmədən əvvəl insan özü düşünməlidir ki, "Mən nə əldə etmək istəyirəm və qoyduğum puldan necə bir səmərə götürmək istəyirəm?"
Azərbaycan reallığında, bunun bir neçə yolu var, riski çox olan və ya riski az olan investisiya növləri. Yəni investisiya varsa, risk də həmişə var. Belə bir şey yoxdur ki, mən investisiya qoyum və risk ümumiyyətlə olmasın. Sadəcə bu riski düzgün idarə etmək məntiqi ön plana çıxmalıdır. Azərbaycan reallığında əmlaka investisiya qoymaq, bank depozitləri, dövlət zəmanətli istiqrazlar, həmçinin iri bankların səhmlərini alaraq investisiya etmək mümkündür. Bu, nisbətən təhlükəsiz, dəyərini qoruyan və uzunmüddətli də olsa da gəlir gətirən investisiya növləridir. Eyni zamanda, faizi də nisbətən aşağı olur. Əmlaka yatırım etdikdə qısamüddətdə böyük bir gəlir əldə etmək ehtimalı aşağı ola bilər. Investisiyaların uzunmüddətli olması səmərəli hesab edilir. Təbii ki, qısamüddətli olaraq, məsələn bank depozitləri, müəyyən istiqrazlar alaraq, yəni ki, bunlar kimi qısamüddətli investisiyalar da edilə bilər. Yəni şəxsin maliyyə düşüncəsindən və iştahından asılıdır, buna iqtisadiyyatda "maliyyə iştahı" deyirlər. Aşağı riskli investisiya sahələri hazırda Azərbaycanın perspektivində əmlak, istiqrazlar və bank depozitləridir. Yüksək olanlar isə daha çox kriptovalyutalardır. Amma şəxs ümumilikdə hər hansı bir biznesə də yatırım edərək, uzunmüddətə gəlir götürməyi hədəfləyə bilər. Bu da investisiyalardan biridir. Hazırda Azərbaycanda bu inkişaf etməyib. Investisiyanın bir növü də mələk investisiyalarıdır, hansı ki, startaplara yatırılır. Burada risk nisbətən böyükdür, çünki insan amili daha böyük faktordur. Lakin uğurlu olduqda daha böyük gəlirlər əldə edilə bilər".
Samirə Allahverdizadə