İqlim dəyişikliyi heyvanlardan keçən xəstəliklərə təsir edə bilər
Qlobal miqyasda aparılan tədqiqatda iqlim dəyişikliyinin heyvanlardan insanlara keçən xəstəliklərə təsir göstərə biləcəyi müəyyən edilib.
Londranın Təbiət Tarixi Muzeyi tərəfindən aparılan və nəticələri qurumun internet saytında yayımlanan tədqiqatda göstərilir ki, Dünya 1,5 dərəcəlik qlobal istiləşməyə doğru irəliləyərkən iqlim dəyişikliyinin “zoonotik” adlanan, yəni heyvanlardan insanlara keçən xəstəliklərin riskini necə yenidən formalaşdıra biləcəyi qiymətləndirilib.
Yüzlərlə elmi işi nəzərdən keçirən tədqiqatçılar 53 zoonotik xəstəlik üçün ətraflı iqlim-xəstəlik məlumatları toplayıb və 816 zoonotik xəstəlikdən təxminən 6%-ində iqlim dəyişikliyinin təsirlərinin elmi baxımdan araşdırıldığını müəyyən ediblər.
Ağcaqanad, gənə və birə kimi canlılar vasitəsilə yayılan xəstəliklərin yaratdığı riskə diqqət çəkilən tədqiqatın nəticələrində bildirilir ki, temperatur, yağış və rütubətdən təsirləndikləri üçün iqlim dəyişikliyi bu heyvanlardan keçən xəstəliklərə təsir edə bilər. Daha isti Dünya isə hava şəraitini dəyişdirərək onların yaşayış mühitlərini də formalaşdıra bilər.
TRT XƏBƏR
Lalə Qurbanlı