00:00:00
Yazar
Admin User
25.07.2023 12:24 353 3 dəq oxuma
Dünya

İqlim dəyişikliyinin yaratdığı fəlakətlər

İqlim dəyişikliyinin yaratdığı fəlakətlər

Iqlim dəyişikliyinin fəsadı kimi dünyanın müxtəlif yerlərində təbii fəlakətlər baş verir. Yunanıstanın Rodos adasında şiddətli meşə yanğınları davam edir. Alov adanın cənub-şərqindəki sahil kurortlarına yaxınlaşır. Buna görə də təxminən 40 min insan evlərini və otellərini tərk etmək məcburiyyətində qalıb. Türkiyə meşə yanğınını nəzarət altına almaq üçün adaya iki amfibiya yanğınsöndürmə təyyarəsi və bir helikopter göndərib. Türkiyənin Kənd Təsərrüfatı və Meşə Təsərrüfatı Nazirliyinin yaydığı videoda havanı qatı tüstü bürüdüyü əks olunub.


Yunanıstan və bir sıra ölkələrin günlərdir yanğınla mübarizə apardığı vaxtda Avropada fırtına qopub. Almaniyanın paytaxtında qəfil başlayan güclü fırtına, leysan yağışı və güclü külək ağacları aşırıb, obyektlərə ziyan vurub. Berlində fövqəladə vəziyyət elan edilib. Yerli medianın məlumatına görə, güclü külək işıqforları sıradan çıxarıb, qatarların fəaliyyətinə maneələr törədib. Dəymiş ziyanın miqyası və xəsarət alanlar barədə hələlik dəqiq məlumat yoxdur.


İtaliyanın şimalındakı Monza əyalətində güclü külək və leysan yağışları ağacları kökündən qoparıb və dağıntıları yollara daşıyıb. Avtomobillərə və küçə nişanlarına ziyan dəyib. Monza, Milan və ətraf ərazilərin əksəriyyətində tufanla bağlı narıncı hava xəbərdarlığı edilib. Ümumilikdə isə İtaliya son günlərdə müxtəlif ekstremal hava şəraiti ilə mübarizə aparır. Cənub Kalabriya bölgəsi və Siciliya adası meşə yanğınları və temperaturun yüksəlməsindən əziyyət çəkir.


Filippinin şimalına isə güclü tayfun yaxınlaşır. Minlərlə insan təxliyə edilib. Dəniz səyahətləri dayandırılıb. Manilada səyahətləri ləğv olunan sərnişinlər qapalı terminalda gözləməli olub. Kaqayan vadisində ehtiyat tədbiri kimi 11 sahil şəhərlərində minlərlə insanın təxliyə edilməsi əmri tapşırığı verilib. İnsanların hazırlıq görməsi üçün işlər dayandırılıb. Ən güclü küləklərin dənizdə olacağı gözlənilir. Ancaq Arxipelaqdakı ucqar adalar üçün hələ də təhlükə var. Tayfunun Tayvanın cənubuna doğru irəliləyəcəyi, həftənin sonunda Çinə çatacağı proqnozlaşdırılır.


Ümumdünya Meteorologiya Təşkilatının rəhbəri Petteri Taalas qalıq yanacaq istehlakının azaldılması ilə iqlim dəyişikliyindəki mənfi tendensiyanın qarşısını almağın, isti dalğalar, daşqınlar və quraqlıq kimi ekstremal hava şəraitini yumşaltmağın mümkün olduğunu deyir. Onun sözlərinə görə qalıq yanacaq istehlakının azaldılması bəşəriyyətin gələcək rifahının açarıdır. Ümumdünya Meteorologiya Təşkilatının rəhbəri Petteri Taalasın sözlərinə görə, bəşəriyyətin, biosferin, gələcək nəsillərin, eləcə də qlobal iqtisadiyyatların rifahı üçün əsas məsələ, istilik dalğaları, daşqınlar, quraqlıq və daha şiddətli tropik fırtınalar, həmçinin bütün dünyada buzlaqların əriməsinin səbəbi olan qalıq yanacaq istehlakını azaltmaqdır: “Biz şanslıyıq ki, emissiyaları azaltmaq üçün daha yaxşı vasitələrimiz var. Enerji istehsalında ehtiyacı qarşılamaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün külək və günəş enerjisindən başqa, nüvə enerjisinə də üz tutmalıyıq. Bununla biz havanın keyfiyyət problemi ilə də mübarizə apara bilərik. Qalıq yanacaqların istehlakını azaltmaqla havanın keyfiyyətini yaxşılaşdıra bilərik və bu, uğurun açarıdır”.


Taalasın sözlərinə görə, dünya artıq hərəkətə keçib. İqlim dəyişikliyi təhlükəsinə reaksiyanın gücləndirilməsi, külək, günəş və nüvə enerjisi kimi daha təmiz enerji mənbələrinin inkişafı üçün tədbirlər görülür. Ancaq tədbirlər kifayət qədər sürətli görülmədiyi üçün Paris İqlim Razılaşmasındakı hədəflərə çatılmayıb.

Leyla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər