İran ABŞ-dən atəşkəs istəyib? - Açıqlama
İran heç vaxt ABŞ-dən atəşkəs istəməyib, Tehran lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, İranın ABŞ-dən atəşkəs istəmədiyini bəyan etməsi regiondakı siyasi gərginliyin hələ də yüksək səviyyədə qaldığını göstərən siqnallardan biri kimi qiymətləndirilə bilər:
“Tehran bu cür açıqlamalarla həm daxili auditoriyaya, həm də regional aktorlara mesaj verməyə çalışır ki, ölkə təzyiq qarşısında geri çəkilmək niyyətində deyil və öz təhlükəsizliyini təmin etmək üçün hərbi-siyasi imkanlarını saxlayır. Bu cür ritorika, bir tərəfdən, qarşı tərəfə psixoloji təzyiq elementi kimi istifadə olunur, digər tərəfdən isə regional balansın dəyişmədiyini göstərmək məqsədi daşıyır. Nəticə etibarilə, belə bəyanatlar diplomatik kanalların tam bağlandığını deyil, əksinə tərəflərin mövqelərini sərtləşdirərək danışıqlarda daha əlverişli mövqe qazanmağa çalışdıqlarını da göstərə bilər.
ABŞ prezidentinin səsləndiridiyi iddialar və İranın onları təkzib etməsi isə müasir geosiyasi qarşıdurmalarda geniş istifadə olunan informasiya mübarizəsinin elementləri kimi qiymətləndirilə bilər. Dövlətlər çox vaxt hərbi və siyasi rəqabətlə paralel olaraq informasiya sahəsində də üstünlük əldə etməyə çalışırlar. Bu prosesdə bəyanatlar, mediada yayılan mesajlar və diplomatik ritorika qarşı tərəfin nüfuzuna təsir göstərmək, beynəlxalq ictimai rəyi formalaşdırmaq və öz mövqeyini legitimləşdirmək məqsədi daşıyır. Buna görə də, belə ziddiyyətli açıqlamalar yalnız faktların mübahisəsi deyil, eyni zamanda tərəflərin siyasi narrativlərini möhkəmləndirmək üçün apardıqları kommunikasiya strategiyasının bir hissəsi kimi də dəyərləndirilə bilər”.
Səadət Əlizadə