İran ABŞ ilə sülh razılaşması üçün əsas şərtini açıqlayıb
"Tehranla saziş bağlamaq üçün Vaşinqton əvvəlcə İran xalqının etimadını qazanmalıdır".
Bu sözləri İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf deyib. Onun sözlərinə görə, ABŞ birtərəfli hərəkətlərdən imtina etməli və dialoqa yanaşmada öz iradəsini zorla qəbul etdirmək cəhdlərini dayandırmalıdır.
"Ümumilikdə, danışıqlarda irəliləyiş əldə etmişik, lakin hələ də çoxlu boşluqlar və bəzi fundamental məqamlar qalır. ABŞ İran xalqının etimadını necə qazanacağına qərar verməlidir. Bu, Vaşinqtonun atmalı olduğu ən vacib addımdır", - deyə Məhəmməd Baqir Qalibaf bildirib.
Mövzu ilə bağlı politoloq Elçin Xalidbəyli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında mövqelərin kəskin fərqlənməsi danışıqların uğurla nəticələnmə ehtimalını xeyli azaldır:
“Təbii ki, Qalibafın irəli sürdüyü bu şərt daha çox siyasi ritorika xarakteri daşıyır. Çünki dövlətlər xalqlarla deyil, dövlətlərlə saziş imzalayırlar. Digər tərəfdən, Amerika Birləşmiş Ştatlarının İran xalqının etimadını qazanması o qədər də asan məsələ deyil. Çünki bir neçə ay əvvəl İranda kütləvi etiraz aksiyaları olarkən ABŞ dəstək verəcəyini vəd edib, ancaq o dəstəyi verməyib və bununla da İran xalqını aldadıb. Belə şəraitdə, bundan sonra İran xalqının ABŞ-yə etimad göstərməsi o qədər də inandırıcı deyil. Yenə də qeyd etmək lazımdır ki, bu sadəcə siyasi ritorikadır və siyasi diplomatik münasibətlərdə xalqların etimadının qazanılması anlayışı mövcud deyil. Hər bir dövlət qarşı tərəf olan dövlətlə saziş imzalayır, xalqlarla deyil. Bu baxımdan, İran ABŞ-yə müqavimət göstərir ki, Ağ Evin şərtlərini mümkün qədər bloklamaq mümkün olsun. Ancaq indiki situasiyada bu, o qədər də doğru yanaşma tərzi kimi görünmür. Ümumiyyətlə, müşahidə olunan situasiya ondan ibarətdir ki, ABŞ və İran arasında anlaşma ehtimalı o qədər də yüksək deyil, çünki hər iki tərəf öz mövqeyində israrlı davranmağa çalışırlar. ABŞ öz tələblərindən, şərtlərindən geri çəkilmək istəmir. Xüsusilə də nüvə proqramının ləğvi ilə bağlı məsələ Ağ Ev üçün prinsipial xarakter daşıyır.
Eyni zamanda zənginləşdirilmiş uran kütləsinin də İranın əlindən alınması məsələsi hazırda aktual xarakter daşıyır. İran isə bunlarla razılaşmaq istəmir və qarşı şərtlərlə çıxış edir. Belə situasiya isə anlaşma imkanlarını maksimum səviyyədə məhdudlaşdırır. Böyük ehtimalla bu danışıqlar prosesi iflasa uğraya bilər və belə olacağı təqdirdə Yaxın Şərqdə hərbi əməliyyatların bərpa olunma təhlükəsi ön plana keçmiş olacaq və hətta hərbi əməliyyatlar bərpa edilməsə belə, Yaxın Şərq uzunmüddətli dondurulmuş münaqişə məkanına çevrilmiş olacaq”.

Lalə Qurbanlı