İran Fars körfəzində təhlükəsizliyi təmin etmək istəyir
İran Hörmüz boğazının idarə edilməsi sayəsində Fars körfəzi regionunun təhlükəsizliyini təmin edəcək və bu strateji su yolunda sui-istifadə hallarının qarşısı alınacaq.
Mövzu ilə bağlı politoloq Oqtay Qasımov "İnformator.az"a açıqlamasında bildirib ki, İranın Hörmüz boğazındakı gediş-gəlişə nəzarət etməsilə bağlı son addımları onun əvvəlki mövqeyindən müəyyən qədər geri çəkildiyini göstərsə də, ümumilikdə niyyət dəyişməz olaraq qalır:
"İranın əsas strateji hədəfi Hörmüz boğazında sərbəst gəmiçiliklə bağlı BMT konvensiyalarına uyğun mövcud iş rejimini dəyişmək və prosesi öz nəzarəti altına almaqdır. Bu, qəbulolunmaz bir yanaşmadır. Əksər dövlətlər, xüsusilə də Körfəz ölkələri bunu qəbu etmirlər. Əgər İranın Hörmüz boğazına nəzarəti əldə etməsinə dair hər hansı bir razılaşma olarsa, bu, rəsmi Tehranın Yaxın Şərqdəki təsir imkanlarının artmasına və gələcəkdə regionda əlavə gərginliklərin yaranmasına səbəb ola bilər. Bu baxımdan Hörmüz boğazı dünyanın əsas dəniz arteriyalarından biri və ciddi strateji məkandır. Məhz burada uzun müddətdir qüvvədə olan BMT konvensiyasına uyğun azad və sərbəst gəmiçilik hərəkətinin təmin olunması məsələsi yenidən bərpa edilməlidir. İran zaman-zaman bu boğaza nəzarət etməyə çalışır və ondan öz siyasi məqsədləri üçün bir şantaj vasitəsi kimi istifadə edir. Düşünmürəm ki, dünyanın aparıcı dövlətləri bu boğazın İranın tam nəzarətinə keçməsində və onun diktə etdiyi iş rejimi ilə fəaliyyət göstərməsində maraqlı olsunlar. Çünki bu, İranın həm iddialarının, həm də təsir imkanlarının artmasına gətirib çıxaracaq ki, bu da onsuz da qeyri-stabil və gərgin olan Yaxın Şərqdə risklərin daha da artması deməkdir".
Günel Əlili