00:00:00
Yazar
Asiman Vəliyeva
16.03.2026 21:00 21 2 dəq oxuma
Siyasət

İran İsrailin komandanlıq mərkəzinə raket zərbəsi endirdiyini açıqlayıb

İran İsrailin komandanlıq mərkəzinə raket zərbəsi endirdiyini açıqlayıb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu İsrail istiqamətində yeni raket zərbələri endirdiyini açıqlayıb. Bildirilir ki, “Gerçək vəd-4” əməliyyatının növbəti mərhələsi çərçivəsində İsrailin hava əməliyyatları komandanlıq mərkəzləri hədəf alınıb. İran tərəfi hücum zamanı “Səccil” adlı ortamənzilli raketlərdən istifadə edildiyini bildirir.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Tural İrfan bildirib ki, İranla bağlı hazırkı vəziyyətdə beynəlxalq aləm reallığı qəbul edir:


“Çünki İran rejiminin uzun illərdir həm öz xalqı, həm də Yaxın Şərq ölkələri üçün narahatlıq doğuran siyasəti ortadadır. Həmçinin beynəlxalq təşkilatlara ABŞ-nin təsiri böyükdür. Bu mənada İranı müdafiə etmək baxımından həmin təşkilatların kəskin müdaxiləsi hiss olunmur. MAQATE-nin İranın nüvə proqramı ilə bağlı mövqeyi də ortadadır. Böyük güclərdən Britaniya, Fransa və Almaniya da əsas problemin həllində maraqlıdırlar. Nüvə proqramı ilə bağlı narahatlıq Avropada da mövcuddur. Hər nə qədər ABŞ hegemonluğuna qarşı olsalar da, nüvə proqramının təhlükəsini dərk edirlər. İranın ağır raketlərlə İsrailə zərbələr endirməsinə müəyyən mənada şərait yaradılır. Çünki bu dağıntılar İran rejiminin tam süquta yetirilməsinə əsas kimi müzakirə oluna bilər. Sözsüz ki, bu zərbələr Yaxın Şərqdə gərginliyi daha da artırır və müharibənin genişlənməsi riskini yüksəldir. Son günlərdə İranın gözlənilməyən uzaqmənzilli və dağıdıcı raketlərinin ortaya çıxması əslində ABŞ və İsrailə üstünlük verir. Çünki beynəlxalq aləmdə belə bir rəy formalaşır ki, İran bu həddə silah ehtiyatına sahib olduğunu gizlədə bilibsə, deməli nüvə silahı da hazırlaya bilər. Hətta ehtimal olunur ki, yerin dərinliyində “çirkli” nüvə silahı hazırlayıb İsrailə qarşı istifadə edə bilər. Çinin birbaşa müdaxiləsi ehtimalı azdır. Hazırda böyük güclər bu savaşı öz müharibələri hesab etmirlər. Ona görə də, birbaşa müdaxilə gözlənilmir. Britaniya, Fransa və Almaniya kimi dövlətlər İranın nüvə proqramı ilə bağlı narahat olsalar da, ABŞ hegemonluğunun daha da artmasından da ehtiyat edirlər. Çünki ABŞ və Avropa arasında müəyyən ziddiyyətlər mövcuddur. Sadəcə İranın bu raketlərlə İsraili vurmasından istifadə edən ABŞ Körfəz ölkələrinə və Avropaya təlqin etməyə çalışır ki, İran rejimi bu potensiala sahibdirsə, bu, onlar üçün də təhlükədir. Çin İrana hərbi və kəşfiyyat sahəsində dəstək versə də, savaşa birbaşa qarışması gözlənilmir. Hər halda İsrail əməliyyatların ən azı dörd həftə davam edəcəyini bəyan edib. Ola bilsin ki, İranı bu müddət ərzində tam zəiflətmək, hərbi strukturlarını və sursat ehtiyatlarını sıradan çıxarmaq nəzərdə tutulur. Müharibə elə bir həddə gəlib çatıb ki, beynəlxalq ictimaiyyətin təsiri və rolu o qədər də əhəmiyyət kəsb etmir”.


Gövhər Mehyəddinova

#zərbəsi #endirdiyini #yeni #xəbər #mərkəzinə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər