İran Prezidentinin Minsk səfəri
Ermənistanda səfərdə olan İran Prezidenti Məsud Pezeşkian belaruslu həmkarı Aleksandr Lukaşenkonun dəvəti ilə Minskə yola düşüb.
Mövzu ilə bağlı siyasi şərhçi "İnformator.az"a açıqlamasında bildirib ki, bu gün İran, Ermənistan və Belarus Avrasiya İqtisadi Birliyinin üzvləri və əməkdaşlıq tərəfləri olaraq, bir-biri ilə ticarət, iqtisadi əlaqələrin gücləndirilməsində daha çox maraqlı olmağa başlayıblar:
"Eyni zamanda, Zəngəzur açılma perspektivləri də bu ölkələri iqtisadi-ticarət müstəvisində yeni əməkdaşlıqların axtarışına vadar edir. İranda yaxşı başa düşürlər ki, həm Ermənistan, həm də Belarusiya ilə iqtisadi-ticarət əməkdaşlığı istiqamətində Zəngəzur dəhlizi yeni perspektivlər açır. Bu imkanlarda istifadə etmək üçün artıq indidən bu ölkələrin münasibətlərində yeniliklər baş verməkdədir. Məlumdur ki, Belarus və Ermənistan Avrasiya İqtisadi Birliyinin tam hüquqlu üzvləridirlər və azad ticarət münasibətlərindədirlər. İran isə Avrasiya İqtisadi Birliyi ilə azad ticarət əlaqələri ilə bağlı bu ilin əvvəlində saziş imzalayıb. Bu şəraitdə hər üç ölkənin-İranın, Belarusun, Rusiyanın sanksiyalar altında olduqlarını nəzərə alsaq, iqtisadi, ticarət və investisiya əlaqələrini gücləndirməyə böyük ehtiyacları var".
Siyadi şərhçi həmçinin qeyd edib ki, Ermənistanla İranın isə bu bölgədə regional ittifaqının kökləri çox dərinlərə gedir:
"İndi də hərtərəfli əməkdaşlıqda maraqlıdırlar. Ona görə də İranın, Ermənistanın və Belarusun əməkdaşlığı daha çox iqtisadiyyat, ticarət, investisiya istiqamətinə yönələcək. Təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsində isə o qədər də böyük perspektivlər görünmür. Çünki təhlükəsizlik baxımından Ermənistanın Qərbin sanksiyaları altında olan bu ölkələrə Ermənistana sərf etməz. Ona görə, İran-Ermənistan-Belarus üçbucağında münasibətlərin daha çox iqtisadiyyat, ticarət və investisiya sahəsində əməkdaşlığına baxmaq lazımdır, nəinki təhlükəsizlik müstəvisində münasibətlərə. Ermənistan və Belarus onsuz da KTMT-nin üzvləridirlər. Əgər Ermənistan Belarusla təhlükəsizlik sahəsində əməkdaşlıqları daha da dərinləşdirmək fikrində olsaydı, KTMT-nin daxilində əməkdaşlıqdan imtina etməzdi. Bilir ki, KTMT çərçivəsində Ermənistan bir sıra formatlarda əməkdaşlıqda imtina edib".
Billurə Quliyeva