00:00:00
Yazar
Admin User
19.07.2023 11:52 273 3 dəq oxuma
Dünya

İran Ukrayna ilə bağlı mövqeyini açıqladı

İran Ukrayna ilə bağlı mövqeyini açıqladı

Rusiyanın ötən günlərdə Körfəz Əməkdaşlıq Şurası ilə yaydığı bəyanat, ölkənin İranla əlaqələrinə kölgə salıb. Rəsmi Tehranın etirazı ilə qarşılaşan Kreml nə etsə də, müttəfiqini razı sala bilməyib. Maraqlarına xələl gələn İran isə aqressivləşərək hücuma keçib.


İnformator.az xəbər verir ki, yaxın müttəfiq sayılan şimal və cənub qonşularımızın arası bir qədər dəyib. Səbəb isə Rusiyanın ötən həftə ərəb ölkələri ilə birlikdə İran və Birləşmiş Ərəb Əmirliklərinin Fars körfəzindəki mübahisəli adaları ilə bağlı birgə bəyanat yaymasıdır. Hələ o vaxt İranın Xarici İşlər Nazirliyi məsələ ilə əlaqədar Rusiyalı səfiri quruma çağırmış və rəsmi etirazını bildirmişdi. Xarici işlər naziri Əmir Abdullahianın sözlərinə görə, rusiyalı rəsmilərin İrana verdiyi izahat onları qane etməyib. Abdullahian ərazi bütövlüklərinə istənilən müdaxiləyə səssiz qalmayacaqları ilə bağlı xəbərdarlıq da edib: “İranın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyündən söhbət gedəndə, biz hamı ilə açıq danışırıq. Rusiya rəsmilərindən bununla bağlı izahatlar almışıq. Ancaq bu izahatları yetərli hesab etmirik. Bu cür bəyanatların təkrarlanmasına, Rusiya və ya digər üçüncü tərəfin İranın ərazi bütövlüyü ilə bağlı məsələlərə müdaxiləsinə dözüm göstərməyəcəyik”.

 

Halbuki Rusiyanın Ukraynaya təcavüzündən sonra iki ölkənin əlaqələri daha da dərinləşmişdi. Hətta tərəflər arasında əldə olunan razılaşma əsasında İran Rusiyanı kamikadze dronlarla təhciz edirdi. Hansı ki bu dronlar müharibədə ukraynalılara qarşı istifadə olunurdu. Ümumiyyətlə isə Rusiya-Ukrayna müharibəsi başladığı günlərdə İran ilk olaraq neytral mövqe nümayiş etdirirdi. Ölkənin ali lideri Əli Xameneyi sonradan prezident Vladimir Putinin ritorikasını təkrarlamış və işğala görə Qərbi günahlandırmışdı. Müharibənin növbəti mərhələlərində isə bayaq da qeyd etdiyimiz kimi iki ölkə müttəfiq oldu.


Ancaq sözügedən mübahisəli adalar məsələsindən sonra İranın xarici işlər nazirinin verdiyi açıqlama diqqətdən yayınmayıb. Abdullahian ərazi bütövlüyünün pozulması məsələsində Ukraynanı özünə həmrəy bilib və müharibəyə son qoyulması üçün tərəflərə çağırış edib: “Biz bütün ölkələrin, o cümlədən Ukraynanın ərazi bütövlüyünün qorunmasının əhəmiyyətini vurğulayırıq. Ukraynadakı müharibənin dayandırılması və siyasi həll yolunun tapılmasında israrlıyıq. İştirakçı tərəfləri siyasi danışıqlar yoluna qayıtmağa çağırırıq”.


Qeyd edək ki, İran və Rusiya arasında mübahisənin səbəbi 3 ada- Böyük Tunb, Kiçik Tunb və Əbu Musa adalarıdır. Belə ki, Moskvada Rusiya ilə Körfəz Əməkdaşlıq Şurası arasında keçirilən görüşdə yayılan birgə bəyanatda adalarla bağlı mübahisənin "sülh yolu ilə həlli" tələb olunub. Tərəflər bütün dinc səyləri, o cümlədən BƏƏ-nin təşəbbüsünü və beynəlxalq hüquq normalarına uyğun olaraq, ikitərəfli danışıqlar və ya Beynəlxalq Ədalət Məhkəməsi vasitəsilə problemin sülh yolu ilə həllinə nail olmaq səylərini dəstəklədiklərini bildiriblər.


Əslində adalar 1971-ci ildən etibarən İranın nəzarətində olsa da, Birləşmiş Ərəb Əmirliklərinin də onlara ərazi iddiaları var. Fars körfəzindəki adalar üzərində mülkiyyətinə etiraz edilməsi İranı özündən çıxarıb və ölkə Rusiyadan məsələ ilə bağlı mövqeyini düzəltməsini istəyib. Adaların bu ölkələr üçün niyə bu qədər əhəmiyyətli olduğuna gəlincə isə, onlar dünya neft tədarükünün təxminən beşdə birinin keçdiyi əsas su yolu olan strateji Hörmüz boğazında yerləşirlər.

Leyla

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər