İran və MAQATE razılığa gəlib
MAQATE və İran nüvə obyektlərində təftiş fəaliyyətini bərpa etmək barədə razılığa gəliblər.Bu barədə agentliyin baş direktoru Rafael Qrossi X sosial şəbəkəsində məlumat verib.
“Bu gün Qahirədə İranın xarici işlər naziri Arakçı ilə İranda yoxlama fəaliyyətinin bərpasının praktiki üsulları barədə razılığa gəldik. Bu, düzgün istiqamətdə atılmış mühüm addımdır”, - o deyib.
İran XİN rəhbəri də belə bir razılaşmanın olduğunu təsdiqləyib.
Bu mövzu ilə əlaqədar hərbi jurnalist, ehtiyatda olan polkovnik İbrahim Rüstəmli “İnformator.az”a açıqlamasında bildirib ki, yoxlamaların bərpası İranın nüvə-hərbi potensialına ciddi təsir göstərəcək:
“Çünki bu yoxlamalar əslində kəşfiyyat xarakteri daşıyır. Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) və digər aidiyyəti qurumların əsas məqsədi sadəcə müşahidə deyil, həmin ölkənin nüvə imkanlarını dəqiq öyrənmək, bu potensialın reallığa nə dərəcədə uyğun olduğunu müəyyənləşdirməkdir.
Bu baxımdan, yoxlamaların bərpası İran üçün arzuolunan deyil. Çünki illərlə gizli saxladığı bəzi faktlar üzə çıxa bilər. Bu isə Tehranın nüvə potensialını istədiyi sürətdə inkişaf etdirməsinə mane olacaq. Yəni, İran bu sahədə yürüdüyü siyasətə tam nəzarət edə və planlaşdırdığı addımları sərbəst reallaşdıra bilməyəcək”.
Əldə olunmuş razılaşmalar İranın nüvə obyektlərinin qorunmasına hansı risk və imkanlar yaradır?
İbrahim Rüstəmli bu barədə qeyd edib ki, risk ondan ibarətdir ki, İran nüvə proqramını öz istədiyi səviyyədə genişləndirmək imkanını müəyyən dərəcədə itirir:
“Təftişlərin aparılması bəzi məqamları üzə çıxara və Tehranı geri çəkilməyə məcbur edə bilər. Başqa sözlə, İran istədiyi addımı ata bilməyəcək, çünki beynəlxalq nəzarət mexanizmləri buna imkan verməyəcək.
İmkan isə ondadır ki, əgər Tehran nüvə proqramının bəzi hissələrini beynəlxalq təşkilatlarla, o cümlədən MAQATE ilə razılaşdırarsa, bu layihələrin həyata keçirilməsi daha rahat və maneəsiz olacaq. Yəni, qarşılıqlı razılıq əsasında təsdiqlənmiş planlar heç bir problem olmadan icra edilə bilər”.
Hərbi jurnalist İbrahim Rüstəmli son olaraq açıqlamasında bu addımın regional hərbi balansı dəyişməsi haqqında qeyd edib:
“İranın nüvə potensialının nəzarət altına alınması, əslində, onun nüvə silahına sahib olmaması məsələsi ilə birbaşa bağlıdır. Qərb dövlətləri və digər müxalif qüvvələr Tehranı nüvə silahına sahib olmaq niyyətinə görə təhlükə kimi görür və ona müxtəlif təzyiqlər göstərirlər. Bu kontekstdə İsrail illərdir İranın nüvə obyektlərinə, alimlərinə, mütəxəssislərinə zərbələr endirib, proqramını ləngitməyə çalışıb.
Hazırkı vəziyyətdə İran razılaşmadan başqa yol görmür və nüvə obyektlərinə beynəlxalq müşahidəçilərin buraxılmasına məcbur olub. Bu addım, təbii ki, regional hərbi balansı da dəyişəcək – İranın nüvə silahına sahib olmasını istəməyən dövlətlərin xeyrinə”.
Ləman Mahmudlu