00:00:00
Yazar
Güllər Gülhüseynova
22.05.2026 13:55 40 2 dəq oxuma
İqtisadiyyat

İran və Oman gəmiçilik üçün rüsum tətbiqini müzakirə edir

İran və Oman gəmiçilik üçün rüsum tətbiqini müzakirə edir

İran və Oman Hörmüz boğazı vasitəsilə gəmiçiliyə nəzarəti rəsmiləşdirəcək daimi rüsum sisteminin yaradılması barədə danışıqlar aparır.

 

Bu barədə İranın Fransadakı səfiri Mohammad Amin-Nejada məlumat yayıb.

 

"İran və Oman həm təhlükəsizliyin təmin edilməsi, həm də gəmiçiliyin ən səmərəli şəkildə idarə olunması üçün bütün resursları səfərbər etməlidir. Bu, xərclər tələb edəcək və təbii ki, bu axından faydalanmaq istəyənlər də öz hissələrini ödəməli olacaqlar", - diplomat qeyd edib.

 

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli “İnformator.az”a açıqlamasında bildirib ki, bunun tətbiq edilib-edilməyəcəyi  sual altındadır. Çünki ABŞ buna ciddi şəkildə qarşı çıxır:

 

“İkinci məsələ isə odur ki, əgər bu tətbiq olunacaqsa, onun tətbiq qaydası, vaxtı və rüsumun həcmi çox vacibdir. Əgər rüsum aşağı səviyyədə olsa və böyük rəqəmlərlə ifadə olunmasa, təbii ki, ciddi təsir göstərməyəcək. Amma rüsum yüksək olsa, bunun təsiri artıq hiss olunacaq. Yəni əsas suallardan biri budur: rüsum nə qədər olacaq? Digər vacib məsələ isə onun necə tətbiq ediləcəyidir. Selektiv olacaq, yoxsa standart? Manipulyativ yanaşma olacaq, yoxsa şəffaf şəkildə tətbiq ediləcək? Bunlar çox önəmli məqamlardır. Həm rüsumun məbləği, həm də tətbiq qaydası böyük rol oynayır. Təbii ki, yüksək rüsumlar və manipulyativ yanaşmalar daşıma xərclərini artıran amillərdir. Bu isə nəqliyyat, sığorta və tranzit xərclərinin yüksəlməsinə səbəb olacaq. Nəticədə neftin və digər daşınan məhsulların qiymətinə də təsir göstərəcək. Əgər rüsum aşağı olsa, şəffaf tətbiq edilsə və əlavə manipulyativ xərclər yaranmasa, qısamüddətli dövrdə qiymətlərdə müəyyən artım ola bilər. Amma sonradan bu, həlledici faktor olmaya da bilər.Yəni hər şey rüsumun həcmindən və tətbiq mexanizmindən asılıdır. Amma istənilən halda əlavə ödənişlərin yaranması daşıma xərclərini artıracaq. Daşıma xərclərinin artması isə nəticə etibarilə məhsulların qiymətinə təsir göstərəcək. Azərbaycana gəldikdə isə, ölkə bu prosesdə Hörmüz boğazından birbaşa istifadə etməsə də, neftin qiymətini artıran bütün amillər Azərbaycanın xeyrinə işləyir”.

 

Güllər Gülhüseynova

#İran #Oman #Hörmüz #siyasət #gündəm #iqtisadiyyat
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər