00:00:00
Yazar
Admin User
22.12.2025 17:39 77 4 dəq oxuma
Siyasət

İrana hücum

İrana hücum

İsrail ABŞ Prezidenti Donald Trampı İrana qarşı yeni hücumu dəstəkləməyə inandırmaq məqsədi ilə əhatəli kəşfiyyat dosyesi hazırlayıb.Bu barədə “İsrail Hayom” məlumat yayıb.

 

“Sənəddə Tehranın nüvə və ballistik raket proqramlarını yenidən qurmaq üçün davam edən cəhdləri, eləcə də regiondakı proksi qrupları silahlandırmaq səyləri barədə məlumatlar toplanıb”, - məlumatda deyilib. Qeyd edək ki, “NBC Nyus” İsrail Baş naziri Benyamin Netanyahunun dekabrın 29-da Floridada keçiriləcək görüşdə ABŞ Prezidenti Donald Trampla İrana təkrar zərbələr endirmək planlarını müzakirə edəcəyi haqda məlumat yayıb.

 

Mövzu ilə əlaqədar siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlama edib:

 

“İsrail niyə məhz indi İran mövzusunu ABŞ gündəminə daşıyır?

 

 Çünki 12 günlük müharibədən sonra İran tərəfi açıq şəkildə hansı sahələrdə əksikliklərinin olduğunu, nələri gördüklərini və bu çatışmazlıqlar üzərində işlədiklərini bildirib. Artıq həmin 12 günlük qarşıdurmadan xeyli zaman keçib və İran tərəfi bu əksikliklərin, demirəm hamısının, amma ən azı önəmli bir hissəsinin aradan qaldırılması istiqamətində bərpa işləri aparır. Xüsusilə raket proqramı sahəsində İranın ciddi irəliləyişlər əldə etdiyi müşahidə olunur.

 

Rusiya və Çinlə qarşılıqlı əlaqələr fonunda İran öz hərbi-texniki imkanlarını hər keçən gün daha da inkişaf etdirir və İsrail tərəfi bunu görür, bunun fərqindədir. Onlar onu da nəzərə alırlar ki, hələ bu proqramlar indiki qədər inkişaf etməmişkən belə, əvvəlki 12 günlük əməliyyatlar zamanı “Dəmir qübbə” sistemləri bütün raketləri zərərsizləşdirə bilməyib. İndi isə İsraildə ciddi narahatlıq var ki, raket proqramları inkişaf etdikcə və raketlərin sayı artdıqca, bu, onun təhlükəsizliyi üçün daha böyük problemə çevriləcək. Burada artıq məsələ təkcə nüvə proqramı deyil. İsrail hesab edir ki, İran nüvə silahına sahib olmasa belə, raket proqramının özü İsrail üçün ciddi təhlükə yaradır. Məhz buna görə də İsrail ABŞ-nin diqqətini maksimum dərəcədə bu məsələyə yönəltməyə və daha ciddi bir təhdidlə üz-üzə qalmadan İran təhlükəsini neytrallaşdırmağa çalışır. Eyni zamanda İsrail tərəfi hesablayır ki, ABŞ-nin xarici siyasətində problemlər hər keçən gün artır və bu, zamanla Vaşinqtonun Yaxın Şərqə diqqətinin azalmasına gətirib çıxara bilər. ABŞ artıq Qrenlandiya üzrə nümayəndə təyin edib, bu isə o deməkdir ki, Arktika bölgəsində siyasi addımlarını artıracaq. Paralel olaraq ABŞ diqqətinin bir hissəsini Şərqi Avropaya, bir hissəsini İsrailə, digər hissəsini isə Latın Amerikasına yönəldib. Belə olan halda İsrail narahatdır ki, İranın nüvə və raket proqramlarının artması, Türkiyənin hərbi gücünün və siyasi çəkisinin yüksəlməsi fonunda, üstəlik ABŞ-ningələcəkdə regiona marağının azalması onun dövlət təhlükəsizliyini ciddi şəkildə sual altına qoya bilər. İsrail məhz bunun qarşısını almağa çalışır”. 

 

H. Səhrablı İran dosyesinin Tramp üçün real təhlükəsizlik məsələsi, yoxsa siyasi fürsətdir sualı ilə bağlı bildirib ki, Tramp üçün bu daha çox siyasi fürsətdir:

 

“Çünki Tramp İrana əsasən İsrail prizmasından yanaşır. Onun üçün prioritet məsələ ticarətdir. Hərbi-siyasi təhlükəsizlik mövzularında Tramp adətən daha rahat davranır. Bu rahatlıq onun açıqlamalarında da açıq şəkildə görünür. ABŞ-nin hegemon gücünə və ordusunun dünyada birinci yerdə olması faktoruna arxalanaraq, Tramp digər dövlətlərdən çəkinmir, qorxmur və təhlükəsizlik tədbirlərini hər zaman ön plana çıxarmır.

 

Bununla yanaşı, ABŞ-nin ticari üstünlüyünü qoruyub saxlamaq və yeni maliyyə axınları yaratmaq Tramp üçün əsas prioritetdir. Bu gün onun üçün ən vacib məsələ Çindir. Daha sonra Latın Amerikası, Arktika məsələsi gəlir. Bu kontekstdə Yaxın Şərqə yanaşma əsasən İsrail üzərindən formalaşır. Yəni məqsəd İsrailin təhlükəsizliyini qorumaqdır. Burada yəhudi lobbisinin təsiri də var, eləcə də İsrail dövlətinin Trampa birbaşa siyasi təsir imkanları mövcuddur. Ona görə də Tramp üçün bu gün Yaxın Şərq məsələsi, ən pis halda, əsas prioritetlər sırasında yer almaya bilər. Seçim qarşısında qalsa, o, Çinlə rəqabəti, Arktikada hegemonluq mübarizəsini və ya Latın Amerikasında təsir dairəsini genişləndirməyi Yaxın Şərqdən daha önəmli hesab edəcək. Bu səbəbdən Tramp Yaxın Şərqə, xüsusilə İsrail məsələsinə daha çox daxili siyasi dividendlər, yəhudi lobbisinin dəstəyini qazanmaq və öz nüfuzunu, reytinqini, eləcə də partiyasının mövqeyini gücləndirmək prizmasından yanaşır. Bu isə o demək deyil ki, o, Yaxın Şərqi tamamilə önəmsiz sayır. Əlbəttə ki, önəmsəyir və önəmsəməyə davam edəcək. Sadəcə olaraq Tramp üçün prioritetlər fərqlidir”. 

 

Bəs bu proses regionda nəzarətdən çıxan toqquşmaya səbəb ola bilərmi?

 

Müsahimiz son olaraq qeyd edib ki, İran–İsrail qarşıdurması barədə bir çox dünya analitikləri bildirir ki, bu, əvvəl-axır qaçınılmaz reallıqdır: 

 

“Bəlkə bir ay sonra, bəlkə bir il, bəlkə də on il sonra, amma bu qarşıdurma gec-tez baş verəcək. Mən də bu fikirlə razıyam. Lakin bu qarşıdurma yaxın aylarda və ya qısa müddətdə mümkündürmü? Mənə elə gəlir ki, dünyada baş verən ümumi təlatümlər fonunda, Yaxın Şərqdəki qeyri-müəyyənlik şəraitində nə İran, nə də İsrail hazırda genişmiqyaslı hərbi əməliyyatlara başlamaq cəsarəti göstərəcək. Çünki bunun nəticələrini hesablamaq olduqca çətindir. Region son dərəcə qeyri-müəyyəndir, kimin hansı imkanlara sahib olduğu, kimin haradan və nə qədər təsir gücünə malik olduğu tam dəqiqliklə bilinmir. Bu səbəbdən tərəflər, məncə, daha dəqiq informasiyalar əldə edənə qədər və regiondakı qeyri-sabitlik müəyyən qədər aradan qalxana qədər səbrli davranmağı üstün tutacaqlar”.

 

Ləman Mahmudlu

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər