00:00:00
Yazar
Nərmin Həşimova
06.05.2026 19:15 18 3 dəq oxuma
Siyasət

İrana qarşı yeni hərbi əməliyyatların təxmini vaxtı açıqlanıb- ŞƏRH

İrana qarşı yeni hərbi əməliyyatların təxmini vaxtı açıqlanıb- ŞƏRH

ABŞ Prezidenti Donald Tramp bu həftə ərzində İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ilə bağlı göstəriş verə bilər.


Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirib ki, İranla ABŞ arasında gərginliyin davam etməsi dünya iqtisadiyyatına da mənfi təsir göstərir:


“Odur ki, bu problemin tezliklə həlli üçün ABŞ daha çox qınanır. Lakin İranın nüvə proqramı ilə bağlı da beynəlxalq təşkilatların narahatlığı var. Problemin ümumi həlli üçün yollar axtarılır. Ancaq İranın heç bir məsələdə köklü dəyişikliklərə getməməsi həm daxili vəziyyəti kritik saxlayır, həm də beynəlxalq aləmdə hədəfə gəlir. Müharibədən sonra hakimiyyət daxilində yaranan xaos və ikitərəflilik də durumu daha da qeyri-stabil qərarlara vadar edir. Sivil xalq hakimiyyətinin yalnız mətbuata açıqlama səlahiyyətindən başqa əlində səlahiyyətin de-fakto qalmaması, SEPAH-ın bütün idarəetməni mənimsəməsi və radikal qərarlar növbəti müharibəni qaçılmaz edir. Prezidentin son açıqlaması əslində hər şeyi olduğu kimi təqdim edir. O, bu səfər də müharibə olarsa, dövlətin buna tab gətirə bilməyəcəyini, odur ki, SEPAH-ın radikal mövqedən çəkinməsinin vacibliyini vurğulayıb. Lakin bundan sonra dünya mətbuatında SEPAH və prezident arasında ziddiyyətlər barədə yanaşmaların yayılmasının ardınca onu yenidən açıqlama verməyə məcbur etdilər. Prezident təkrar çıxış edərək bəyan etdi ki, İranda hakimiyyət daxilində heç bir çəkişmə yoxdur. Bütün bu proseslər göstərir ki, hakimiyyət İranda silahlı qüvvələrin tam nəzarətinə keçib. Bir çox dövlətin terror təşkilatı kimi tanıdığı bir qurumun yaxud onun faktiki əsirliyində olan şəxslərin danışıqlarda tərəf olması mümkün deyil”.


Politoloq qeyd edib ki, Hörmüz boğazı ətrafında məlum problem davam edir:


“BƏƏ-yə qarşı İranın hücumu da müharibəyə doğru atılan növbəti addımdır. Bütün bu halların yeni müharibəyə çağırış olduğu aydındır. Birinci müharibədə ABŞ və İsrailin fasilə verməsi və İranın hərbi strukturunu tam sıradan çıxarmaması rejimdə bir arxayınlıq və qələbə həvəsi yaradıb. Təbii ki, bu ABŞ və İsrailin siyasi, hərbi taktikası nəticəsində baş verdi. Hazırlıq başa çatmaq üzrədir və yaxın zamanda həlledici hücum başlaya bilər. Regionda gərginlik arta bilər. Bölgədə İranın siyasi, hərbi təsirinin minimuma enməsi nəticəsində ABŞ və İsrailin təsiri arta bilər. Əgər bu təsirdə Türkiyənin rolu olmasa, Livan və Suriyaya müdaxilə mümkündür. Əsas siyasi maraq İsrailin təhlükəsizliyini İrandan qorumaq və nüvə proqramından imtina etdirməkdir. Eyni zamanda, ABŞ-nin iqtisadi maraqları var ki, rejimi dəyişmək mümkün olsa, bu maraqların təmini üçün müvafiq hərəkətlər edəcək. Pentaqonun İranla bağlı planlarının əsas icrasına çox güman ki, hələ başlanılmayıb. İndiyə qədər İranla bağlı baş verənlər hazırlıq və sınaq mərhələsi idi. Əsas mərhələyə keçidin isə yaxın olduğu artıq hiss olunur. Hərbi əməliyyatlara başlamaq üçün ABŞ İranı bir qədər azad buraxaraq əlində hüquqi əsas, bəhanə toplayır. Eyni zamanda bu fasilə müddətində İsrail Livanla danışıqlar apardı və Hizbullahın müdaxiləsinə qarşı müəyyən razılığa gəlindi.  Təhlükəsizlik tədbirləri və əsasən hava hücumuna qarşı müdafiə sistemi yeniləndi, yeni ağır silahlar tədarük edildi. Çünki əvvəlki müharibə zamanı İran əsasən İsrailə hava hücumu ilə zərbə vura bilmişdi. Artıq bundan qorunmaq üçün maksimum tamamlama işlərinin başa çatması və ABŞ-nin son qərarı növbəti həlledici müharibənin başlanmasına az qaldığını göstərir”.


Nurgün Qənizadə

#ABŞ #İran #hərbi əməliyyat #açıqlanıb
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər