İRANDA ETİRAZLAR YENİDƏN ALOVLANIR
İranda yaxın tarixlərdə yeni etiraz aksiyaları başlaya bilər. BŞ-nin Müharibə Araşdırmaları İnstitutunun iddiasına görə, İran höküməti belə, aksiyaların alovlanacağından əmindir. Təşkilatçılar artıq etirazlarla bağlı təbliğat kampaniyalarına başlayıblar. Onlar aksiyalarla bağlı elanları kağız valyutalara yazır və paylayırlar. Həmçinin institut İranın müxtəlif şəhərlərində baş tutacaq aksiyaların sentyabrın 16-da başlayacağını iddia edir.
Siyasi şərhçi Orxan Nəbiyevin sözlərinə görə, bu tarixin hicab qaydalarını pozduğuna görə həbs olunan və işgəncə nəticəsində öldürülən gənc qadın Məhsa Əmininin qətlə yetirilməsinin ildönümü təsadüf etməsi sözügedən iddiaların əsassız olmadığını sübut edir. “Ümumiyyətlə İranda artıq bir neçə ildən bir böyük etirazların keçirilməsi adət halını alıb. Bu cür etirazların təkrarlanması barəsində də ehtimallar az deyil. Bu ehtimallar daha yuxarıdır. İran hökümətinin irticalaşması, əxlaq polisinin irticalaşması və dərin sosial iqtisadi vəziyyət İranda etiraz aksiyalarının keçirilməsinə dəlalət yaradır. Belə ehtimalları yüksək səviyyədə saxlayır”.
Digər tərəfdən İrandakı mövcud rejim etirazların qarşısını almaq üçün addımlar atır. Belə ki, İnstitutun verdiyi məlumatına görə, rejim etirazçıların ailə üzvlərinin həbsini davam etdirir. Bundan başqa, universitetlərdə respressiyalar gücləndirilib. Təkcə avqustun 29-da ən azı 10 professor işdən çıxarılıb. Rejimin universitetləri hədəf alması isə səbəbsiz deyil. Çünki keçən ilki aksiyalara daha çox ali məktəb tələbələri başçılıq edib. Hakimiyyət həmçinin Kürdüstan vilayətinin müxtəlif şəhərlərinin girişlərində nəzarət-buraxılış məntəqələri qurub, Kürdüstan və Qərbi Azərbaycan vilayətlərinə təhlükəsizlik qüvvələri və helikopterlər də yerləşdirib. Bunun əsas səbəbi isə 2022-ci il sentyabrın 16-dan dekabrın 22-dək rejim əleyhinə etirazların təxminən 21 faizi Kürdüstan və Qərbi Azərbaycan əyalətlərində baş verməsidir. Buna baxmayaraq, əhali etiraz aksiyalarına böyük hazırlıq görür. Ekspertlərin fikrincə, İran daxilində tətbiq edilən qaydalar və sosial rifahın aşağı olması bu tərz aksiyaların tez-tez təkrarlanmasına, eləcə də hakimiyyətin devrilməsinə səbəb ola bilər.
Xatırladaq ki, 2022-ci il sentyabrın 16-da 22 yaşlı Məhsa Əmini İran rejiminin tətbiq etdiyi hicab qaydalarını pozduğuna görə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan iki saat sonra vəfat edib. Rəsmilər qızın ölüm səbəbinin infarkt olduğunu bildirsə də, yaxınları onun vəhşicəsinə döyüldüyünü deyirlər. Hadisədən sonra isə İranı genişmiqyaslı etirazlar bürüyüb. İğtişaşlar zamanı yüzlərlə adam öldürülüb.
CAVİD
