"İranın bu tələbi regionda geosiyasi balansı dəyişməyəcək " - ŞƏRH
İran beynəlxalq sanksiyaların ləğvini tələb edərək bunun regional sabitlik və iqtisadi əməkdaşlıq üçün vacib olduğunu bəyan edib. Rəsmi Tehran sanksiyaların ölkənin iqtisadi inkişafına və beynəlxalq münasibətlərinə ciddi təsir göstərdiyini vurğulayıb.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, İranın sanksiyaların ləğvi ilə bağlı çağırışları yeni deyil və bu mövqe uzun illərdir davam edir:
“Sanksiyaların tətbiqinin əsas səbəbi Tehran hakimiyyətinin nüvə proqramı və ballistik raket imkanlarını genişləndirməsi ilə bağlıdır. Qərb ölkələrinin əsas arqumenti ondan ibarətdir ki, İran uranın zənginləşdirilməsi səviyyəsini artırmaqla və raket proqramını inkişaf etdirməklə potensial nüvə silahı imkanlarını genişləndirir. Bu isə beynəlxalq təhlükəsizlik baxımından ciddi risk kimi qiymətləndirilir. Əgər Tehran bu istiqamətdə real və yoxlanıla bilən öhdəliklər götürərsə, sanksiyaların mərhələli şəkildə yumşaldılması mümkündür. Amma konkret addımlar olmadan sanksiyaların tam ləğvi real görünmür. Sanksiyaların aradan qalxması İran-Qərb münasibətlərində ciddi dönüş yarada bilər. Sanksiyalar iqtisadi və siyasi münasibətləri faktiki olaraq dondurub. Onların ləğvi təkcə iqtisadi əməkdaşlığın bərpası demək deyil, eyni zamanda diplomatik dialoqun intensivləşməsi anlamına gələr. Bu isə enerji bazarlarına, regional təhlükəsizlik məsələlərinə və beynəlxalq ticarət əlaqələrinə də müsbət təsir göstərə bilər”.
Turan Rzayev hesab edir ki, İranın bu tələbi regionda geosiyasi balansı dəyişməyəcək, lakin mümkün razılaşma müəyyən yumşalmaya səbəb ola bilər:
“Hazırda tərəflər arasında ciddi etimad problemi mövcuddur. Əgər kompromis əldə olunarsa, Yaxın Şərqdə gərginliyin azalması mümkündür. Əks halda, mövcud qarşıdurma və siyasi ritorika davam edəcək. Sanksiyaların davam etməsinin İranın daxili vəziyyətinə təsirinə gəldikdə isə, bu məhdudiyyətlər iqtisadiyyata ciddi təzyiq göstərir. Milli valyutanın dəyərdən düşməsi, inflyasiyanın artması və investisiya axınının azalması sosial narazılığı artırır. Uzunmüddətli perspektivdə bu, iqtisadi geriləməni dərinləşdirə və daxili sabitliyə əlavə yük yarada bilər. Lakin İran hakimiyyəti indiyədək daxili nəzarət mexanizmləri və alternativ iqtisadi kanallar vasitəsilə bu təzyiqləri müəyyən qədər balanslaşdırmağa çalışıb. Proseslərin gələcək istiqaməti əsasən Tehranla Qərb arasında aparılacaq danışıqlardan asılı olacaq və həlledici məqam nüvə proqramı ətrafında qarşılıqlı kompromisin əldə olunub-olunmamasıdır”.
Ayşə Müzəfərli
