00:00:00
Yazar
Zəhra Həsənova
10.04.2026 21:56 25 2 dəq oxuma
Siyasət

"Bu marşrut təkcə Azərbaycan üçün deyil, Türk dövlətləri üçün də yeni imkanlar açır"

"Bu marşrut təkcə Azərbaycan üçün deyil, Türk dövlətləri üçün də yeni imkanlar açır"

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında son illərdə müşahidə olunan siyasi və iqtisadi yaxınlaşma yeni beynəlxalq nəqliyyat və ticarət marşrutlarının formalaşmasına mühüm zəmin yaradır.


Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, hər bir ölkənin nəqliyyat sistemi fərqli standartlara əsaslandığı üçün bu uyğunlaşma əlavə maliyyə və vaxt tələb edir:


"TDT çərçivəsində əməkdaşlığın genişlənməsi yeni nəqliyyat marşrutlarının iqtisadi səmərəliliyinə birbaşa təsir göstərə bilər. Bu əməkdaşlıq nəticəsində bəzi istiqamətlər üzrə marşrutların qısalması mümkün olur ki, bu da tranzit vaxtının azalmasına səbəb verir. Nəticə etibarilə, həm qlobal nəqliyyat sistemi, həm də Azərbaycan üçün daha əlverişli şərait yaranır. Azərbaycan üzərindən keçən Orta Dəhliz xüsusilə, Transxəzər marşrutu bu baxımdan önəmli mövqe tutur. Bu marşrutun inkişafı digər alternativlərlə müqayisədə üstünlüklər yarada bilər. Yük axınının artması Azərbaycanın tranzit gəlirlərini yüksəldir, eyni zamanda Avropa və Çin arasında daşımalar üçün daha səmərəli variant təqdim edir. Belə ki, həm daşınma müddəti qısalır, həm də nəqliyyat xərcləri azalır. Bununla yanaşı, bu marşrut təkcə Azərbaycan üçün deyil, ümumilikdə Türk dövlətləri və region ölkələri üçün də yeni imkanlar açır. Əməkdaşlıq çərçivəsində infrastrukturun birgə planlaşdırılması və koordinasiyası iqtisadi səmərəliliyin daha da artmasına şərait yaradır".

 

Ekspert vurğulayıb ki, Orta Dəhlizin qarşısında müəyyən çətinliklər də mövcuddur. Bu marşrut hazırda Şimal dəhlizi ilə müqayisədə daha bahalıdır:


"Şimal marşrutunda yüklər bir neçə ölkədən keçsə də, əsasən eyni nəqliyyat vasitəsi ilə daşınır və əlavə əməliyyatlar daha azdır. Orta Dəhlizdə isə dəmir yolu və dəniz daşımalarının kombinasiyası, limanlarda yükləmə-boşaltma prosesləri əlavə vaxt və xərc yaradır. Ölkələr arasında standartların uyğunlaşdırılması məsələsi də əməkdaşlığın əsas şərtlərindən biridir. Hər bir ölkənin nəqliyyat sistemi fərqli standartlara əsaslandığı üçün bu uyğunlaşma əlavə maliyyə və vaxt tələb edir. Geosiyasi amillər də Orta Dəhlizin inkişafına təsir göstərir. Bəzi hallarda marşrutun mürəkkəbliyi və yüksək xərcləri onun rəqabət qabiliyyətini azalda bilər. Bu səbəbdən Xəzər dənizində gəmiçiliyin inkişafına önəm verilməlidir. Azərbaycan və Qazaxıstan arasında dəniz daşımalarının gücləndirilməsi, limanların modernləşdirilməsi və yük dövriyyəsinin sürətləndirilməsi vacibdir. Əks halda, limanlarda yaranan gecikmələr alternativ marşrutlara üstünlük verilməsinə səbəb ola bilər. Orta Dəhliz əsasən, Çin-Avropa ticarət marşrutu kimi nəzərdə tutulsa da, region ölkələri arasında ticarət əlaqələrinin genişlənməsinə də töhfə verə bilər. Bu çərçivədə kənd təsərrüfatı, kimya və tekstil məhsullarının dövriyyəsi ön plana çıxır. Bəzi sahələrdə inteqrasiya yerli istehsal üçün rəqabət təzyiqi yarada bilər. Nəticə olaraq, Orta Dəhliz böyük iqtisadi potensiala malik olsa da, onun tam səmərəli işləməsi üçün infrastrukturun inkişafı, standartların uyğunlaşdırılması və regional əməkdaşlığın gücləndirilməsi həlledici rol oynayır".

 

Səmayə Səftərova

#deyil # #yeni #açır" #azərbaycan #təkcə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər