“İranın fundamental siyasətində ciddi dəyişiklik gözlənilmir”-ŞƏRH
“Digərlərini bizdən daha yaxşı olduğu üçün uzaqlaşdırmamalıyıq. Bu ölkədə yaşayan hər kəsdən təfəkkür tərzindən, dilindən və etnik mənsubiyyətindən asılı olmayaraq ölkənin şərəfi və qüruru üçün istifadə etməliyik”.
Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi fikirlər ilk növbədə İran daxilində ictimai balansın və siyasi sabitliyin qorunmasına yönəlmiş mesaj kimi qiymətləndirilə bilər:
“İran çoxmillətli və çoxetnikli dövlət olduğundan, fərqli dillərə, etnik və sosial qruplara açıq mesaj verilməsi mərkəzi hakimiyyətin daxili konsolidasiyanı gücləndirmək cəhdi kimi görünür. Xüsusilə iqtisadi təzyiqlər və regional gərginlik fonunda Tehran cəmiyyət daxilində parçalanma risklərini minimuma endirməyə çalışır. Pezeşkianın “hamının potensialından istifadə edilməlidir” mesajı, həm də idarəetmədə daha inklüziv yanaşmanın vacibliyinə işarə edir. Bu, sərt ideoloji ritorikadan fərqli olaraq daha praqmatik siyasi xətt görüntüsü yaradır.Regional siyasət baxımından isə bu yanaşma ilə Prezidentin İranın yaxın daha yumşaq diplomatik üsluban istifadə etməli olduğunun tərəfdarı olduğunu göstərən siqnal kimi də qəbul oluna bilər. Xüsusilə qonşu dövlətlərlə münasibətlərdə və regiondakı təsir mexanizmlərində daha çevik və dialoqa açıq ritorikanın güclənməsi mümkündür. Bununla belə, İranın strateji təhlükəsizlik və regional maraqlarına dair fundamental siyasətində qısa müddətdə ciddi dəyişiklik gözlənilmir”.
Nuray Əliyeva