00:00:00
Yazar
Güllər Gülhüseynova
24.04.2026 21:10 103 2 dəq oxuma
Siyasət

İranın məğlubiyyəti qaçılmaz ola bilər- ŞƏRH

İranın məğlubiyyəti qaçılmaz ola bilər- ŞƏRH

İran Silahlı Qüvvələri ABŞ-nin hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə vurulacaq hədəflərin siyahısını hazırlayıb.


Bu barədə “Fars” agentliyi məlumat yayıb. Bildirilib ki, siyahı hazırlanarkən qarşılıqlılıq prinsipi nəzərə alınıb.

 

Plana görə, ABŞ və ya İsrail İranın enerji infrastrukturuna zərbə endirərsə, İran İsraildəki elektrik stansiyalarına və ABŞ-nin Yaxın Şərqdəki müttəfiqlərinə hücum edəcək. Vaşinqton dəniz blokadasını davam etdirərsə, Tehran Bab əl-Məndəb boğazını bağlamağı və Hörmüz boğazını minalamağı planlaşdırır.

 

Qeyd olunub ki, ABŞ-nin İran ərazisində mümkün quru əməliyyatına cavab olaraq, Tehran yerli əhaliyə və proksi qüvvələrə müraciət edərək bölgədəki Amerika bazalarının ələ keçirilməsini təşkil etməyə çalışacaq.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, mövcud proseslər müharibənin dayanmayacağını və qarşıdurmanın davam edəcəyini göstərir:

 

“Məlumdur ki, İran və ABŞ arasında müharibə təzə başlayır. ABŞ hələ məqsədlərə çatmayıb. Plan çoxdankı olsa da, icraata İsrailin tələsik təkidi ilə, demək olar ki, vaxtsız başlayıb. Odur ki, müharibənin gedişində bir sıra narahatlıqla qarşılaşıb fasilə verməyə məcbur olub. Beynəlxalq aləm də müəyyən qədər ABŞ-yə basqı edib və xüsusən Hörmüz boğazında iqtisadi narahatlıq baş verib. Ancaq proseslər onu göstərir ki, müharibə davam edəcək. İran da öz növbəsində hazırlıq görür və əgər İsraillə ABŞ ilk başlanğıcda İranın strateji hücum nöqtələrini sıradan çıxara bilməsə, zərbə ilə qarşılaşa bilər. İranın ordusu, demək olar ki, SEPAH-ın əlindədir və bu qruplaşma hakimiyyətə rəhbərlik edir. Onların hərbi xarakteri imkan verir ki, bütün nöqtələrə atəş açsınlar. İranın hazırladığı qeyd olunan plan real ola bilər. Yəni hücumlar müqabilində nəzərdə tutulan nöqtələrə hücum edilə bilər. Ümumiyyətlə, İran və İsrailin hərbi xarakterində və praktikasında sərhəd, hədd gözləmək, beynəlxalq hüquqa riayət etmək yoxdur. İstənilən anda bəşəriyyət əleyhinə cinayət işləməyə hazır orduları var”.

 

Ekspert qeyd edib ki, tərəflərin sərt bəyanatları müharibənin növbəti mərhələsinin daha dağıdıcı ola biləcəyini göstərir:

 

“Bu kimi planlar real hərbi strategiyadır və həm də psixoloji təsir vasitəsi kimi elan edilir. Lakin İsrailin açıqlamaları da onu göstərir ki, elə bir formada, elə dəhşətli silahlarla startdadırlar ki, ABŞ işarə versə, dərhal İranı “daş dövrünə qaytaracaqlar”. Bu tip bəyanatlar göstərir ki, müharibənin bu mərhələsi daha dağıdıcı olacaq. Əgər İran proksiləri işə salsa, həmin ölkələr də qoşula bilər. Körfəz ölkələrində ABŞ bazalarına hücum olarsa, Körfəz ölkələri də ABŞ koalisiyasına ciddi dəstək verə bilər. Lakin bütün hallarda İranın həm İsrail, həm də ABŞ ilə, eyni zamanda Körfəz ölkələri ilə uzun müddət dirəniş göstərməyə gücü yoxdur. Əgər müharibə yenidən qızışsa, bu dəfə İranın məğlubiyyəti qaçılmaz ola bilər”.

 

Lalə Qurbanlı

#İran #İsrail #ABŞ #Tehran #gündəm #siyasət
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər