00:00:00
Yazar
Asiman Vəliyeva
25.03.2026 18:40 11 3 dəq oxuma
Siyasət

İranın şərtləri bəlli olub: Müharibə dayanacaqmı, supergüclər səhnəyə çıxır?

İranın şərtləri bəlli olub: Müharibə dayanacaqmı, supergüclər səhnəyə çıxır?

Regionda davam edən gərginlik fonunda İran müharibənin dayandırılması üçün öz şərtlərini açıqlayıb. Rəsmi Tehranın bu addımı beynəlxalq diqqəti yenidən bölgəyə yönəldib. Eyni zamanda, supergüclərin prosesə mümkün müdaxiləsi ilə bağlı ehtimallar da müzakirə olunur

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Tural İrfan bildirir ki, İranın adına açıqlama qismində tirajlanan ziddiyətli məlumatlar şübhəlidir:

 

“Hazırda İranda hakimiyyət böhranı yaşanır, hətta yeni liderin aqibəti də məlum deyil. Ona görə də,  İran adından elan olunan bəyanat və ya ultimatum xarakterli məlumatların mənbəyinin real hakimiyyət nümayəndəsinə məxsus olduğu qəti deyil. Hətta ABŞ prezidenti Donald Trampın da açıqlamaları reallıqdan çox uzaqdır. Onun İranla bağlı ictimaiyyətə açıqladığı məlumatlar, tamamilə manipulyasiya və yanıldıcı məlumatlardır. İranda vahid hakimiyyət mövqeyi bəlli olmadığı üçün şərtlərin, danışıqların, razılığın da həqiqət olması məlum deyil”.

 

Həmçinin ekspert bildirir ki, hər bir halda parçalanmış hakimiyyətin daxilində ABŞ ilə gizli danışıqlar aparan dairələr var:


“Bunlar sivil xalqı təmsil edənlər ola bilər. Amma Sepah kimi radikal qrupların siyasi dairələri isə danışıq və razılığı rədd edirlər, ağır və qəbul edilməsi mümkün olmayan absurd şərtlər irəli sürürlər. Ümumiyyətlə, İran adına açıqlanan şərtlər zaman qazanmağa hesablanıb. İran Çin və Rusiyanın açıq hərbi dəstəyinə ümid edir. Ona görə də, mümkün qədər müharibənin əhatəsinin genişləndirilməsi üçün çalışır, beynəlxalq iqtisadi böhranın davamlılığına cəhd edir. Bu minvalla müharibəni uzadıb Çin və Rusiyanı cəlb etməklə üstünlük əldə etmək istəyir. Supergüclərin prosesə daxil olması mümkün görünmür. Çünki ABŞ siyasi dairələri də çalışır ki, Çin və Rusiya bu savaşa daxil olsun və Avropa İttifaqı ilə ABŞ kollektivi həlledici müharibə ilə əsas hədəflərinə nail olsun. Əslində İran müharibəsi ABŞ-nin müharibəsi deyil. İsraillə İranın bu savaşında ABŞ əslində Rusiya və Çin ilə üz-üzə gəlib. ABŞ İrana ona görə var gücü ilə müdaxilə etmir. Çünki onun əsl hədəfi İran deyil. Açıqlanmasa da əslində şərtlər İranın Çin və Rusiya ilə hərbi, iqtisadi əlaqələrinin məhdudlaşdırılması tələbindən ibarətdir. ABŞ bilir ki, İranın nüvə proqramı da əslində Rusiyanın əlində yaxud səlahiyyətindədir. Münaqişənin uzanması tərəflərə o zaman faydalı ola bilər ki, balans tam müəyyən olsun. Əgər Çin və Rusiya İran cəbhəsində birləşərək ABŞ ilə iqtisadi müharibəyə girişərsə reallıq bir müddət İranın xeyrinə dəyişə bilər. Amma nəticələrin Qərb üçün təhlükə törətdiyi tam aydın olduqdan sonra ABŞ və Avropa İttifaqı üzvlərinin prosesə müdaxiləsi vəziyyəti əks istiqamətdə dəyişə bilər. NATO məsələyə müdaxilə etməyə məcbur olaraq proseslər demək olar ki, dünya savaşı həddinə yaxınlaşa bilər. Hazırki savaşda əslində İranın tərəf - müqabili İsraildir. ABŞ isə Çin və Rusiya maraqlarına qarşı savaşır. Hər bir halda bu müharibə hələ uzanacaq. Çünki nəticələr yetişməyib. Nəticələr üçün də yeni böhranlardan doğan proseslərdə hansı tərəfin üstün gələcəyi məlum olmalıdır”.


Ədilə Hüseynzadə

#baki #azərbaycan #bəlli #dayanacaqmı #
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər