00:00:00
Yazar
Güllər Gülhüseynova
16.03.2026 21:44 33 2 dəq oxuma
Siyasət

İranla razılaşma hələ tezdir, şərtlər yaxşı deyil - Tramp

İranla razılaşma hələ tezdir, şərtlər yaxşı deyil - Tramp

“İran razılaşma istəyir və mən razılaşma əldə etmək istəmirəm, çünki şərtlər hələ kifayət qədər yaxşı deyil”.

 

Bu sözləri ABŞ Prezidenti Donald Tramp NBC-yə müsahibəsində deyib.

 

Müharibəni bitirmək üçün potensial razılaşmanın şərtlərinin nədən ibarət olacağı sualına isə ABŞ prezidenti cavab vermək istəməyib. Lakin o, İranın istənilən nüvə ambisiyalarından tamamilə imtina etmək öhdəliyinin razılaşmanın bir hissəsi olacağını xatırladıb.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ İran qarşısında daha sərt və geniş tələblər qoymağa çalışır:

 

“Trampın İranla bağlı verdiyi bu açıqlama və ABŞ-nin “şərtlərin hələ kifayət qədər yaxşı olmaması” vurğusu göstərir ki, Vaşinqton mövcud hərbi əməliyyatlar fonunda Tehranı yalnız nüvə məsələsində deyil, daha geniş spektrli güzəştlərə məcbur etmək niyyətindədir. Bu yanaşma ABŞ-nin masada olan şərtləri ağırlaşdıraraq İranın təkcə uranın zənginləşdirilməsini dayandırmasını deyil, həm də ballistik raket proqramının tamamilə məhdudlaşdırılmasını, regiondakı proksi qüvvələrə (Hizbullah, husilər və s.) dəstəyin kəsilməsini və bəlkə də ölkənin daxili idarəetmə sistemində müəyyən struktur dəyişikliklərinin aparılmasını tələb edə biləcəyinə işarə edir. Trampın “sövdələşmə sənəti” taktikası burada maksimalist təzyiq vasitəsilə rəqibi tam küncə sıxaraq ən əlverişli şərtləri diktə etməyə əsaslanır. Lakin İranın bütün nüvə ambisiyalarından tamamilə imtina etməsi tələbi Tehran rejimi üçün ekzistensial təhdid xarakteri daşıyır. Çünki nüvə proqramı İranın onilliklər ərzində formalaşdırdığı milli təhlükəsizlik doktrinasının və strateji çəkindirmə gücünün əsas sütunlarından biridir”.

 

Ekspert qeyd edib ki, İranın bu qədər sərt şərtləri qəbul etməsi hazırkı şəraitdə real görünmür:

 

“Hərbi əməliyyatların davam etdiyi bir şəraitdə belə bir şərtin qəbul edilməsi Tehran üçün faktiki olaraq “təslimiyyət” mənasına gələ bilər. Bu isə mövcud siyasi elita üçün daxili legitimliyin itirilməsi riskini yaradır. Buna görə də Tehranın bu dərəcədə kəskin şərtləri könüllü şəkildə qəbul etməsi ehtimalı aşağı görünür. Çünki bu, rejimin sağ qalma instinkti ilə ziddiyyət təşkil edir və yalnız hərbi və ya iqtisadi çöküşün qaçılmaz olduğu kritik bir mərhələdə mümkün ola bilər. Beləliklə, ABŞ-nin bu mövqeyi tərəflər arasında diplomatik çıxış yolunu daraldır və prosesin daha uzunmüddətli, gərgin hərbi-siyasi qarşıdurma müstəvisində davam edə biləcəyini göstərir”.

 

Lalə Qurbanlı

#xəbər #şərtlər #yaxşı #i̇ranla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər